Logo

“Türk dünyasında Azərbaycan dili və ədəbiyyati araşdırmaları” I beynəlxalq elmi simpozium keçirilib

06.12.2024 17:02 165 baxış
IMG

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Türk dünyasında Azərbaycan dili və ədəbiyyati araşdırmaları” mövzusunda I beynəlxalq elmi simpozium keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, simpozium Azərbaycan dilinin və ədəbiyyatının ölkəmizdən kənarda, xüsusilə də Türk dünyasında mövcud vəziyyətini, onun tədqiqi və təbliği istiqamətində həyata keçirilən işləri geniş platformada müzakirə etmək, bu sahədəki problemləri və perspektivləri müəyyənləşdirmək məqsədilə keçirilib.

Açılış mərasimində Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri dosent Dilbər Zeynalova simpoziumun Türk dünyası arasında bir körpü yaradacağına, Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə təbliğinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Simpozium Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, “Nar” şirkətinin, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin, AMEA-nın, Türkiyənin Ege, Atatürk, Qars Qafqaz universitetlərinin, Özbəkistanın İqtisadiyyat və Pedaqogika İnstitutunun dəstəyi və tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Ege Universitetinin professoru, Türkiyə Yazarlar Birliyinin, Avrasiya Yazarlar Birliyinin, Türk Mədəniyyəti Araşdırma İnstitutunun, Azərbaycan Yazıçılar Birliyinin üzvü professor Yavuz Akpınar, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, “Nar” şirkətinin departament direktoru Hökümə Kərimova çıxış edərək simpoziumun Türk dünyasının elmi və mədəni inkişafındakı əhəmiyyətini vurğuladılar.

Türk dünyasında azərbaycanlıların dil və ədəbiyyat məsələlərinə diqqət çəkmək, linqvistik-filoloji tədqiqatları, eyni zamanda, ədəbi şəxsiyyətlərin yaradıcılığının tədqiq prosesini aktuallaşdırmaq, Türk dünyası ziyalıları, tədqiqatçıları arasında kommunikasiyanı gücləndirmək məqsədilə Azərbaycan Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Şimali Kipr Türk Respublikası kimi türk dövlətlərini elm və mədəni inkişaf naminə bir araya toplayan simpozium panellər üzrə elmi çıxışlarla davam edib.

İki gün davam edən simpoziumda 100-ə yaxın elmi tədqiqatçı müxtəlif mövzulu tezislərlə əyani və onlayn formada iştirak etdilər.

Dekabrın 6-da Simpozium çərçivəsində Xəzər Universitetinin Dünya məktəbində Qars Qafqaz Universitetinin əməkdaşları dosent İlkin Qulusoy və Sema Şahin Dedenin “Türkiye türkçesi ve Azerbaycan türkçesi karşılaştırmalı deyim bilgisi” kitabının təqdimatı olub. Simpozium öz işini Azərbaycanın böyük sənətkarı, turançılıq məfkurəsinin təbliğatçısı Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş elmi, musiqili bədii proqramla yekunlaşdırıb.

Xəbər lenti