Logo

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsinin birinci mərhələsinə start verilib

24.01.2025 12:38 138 baxış
IMG

Ölkəmizdə ilk dəfə 41 ümumi təhsil müəssisəsindən seçilmiş 650 məktəblinin iştirakı ilə “Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsi”nin milli mərhələsinə rəsmi olaraq start verilib.

Bu barədə TƏHSİL.BİZ-ə Azərbaycan Kosmik Agentliyi - “Azərkosmos”dan məlumat verilib. Bildirilib ki, müsabiqə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikası Təhsil İnstitutunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Paşa Holdinq”in, Braziliya Kosmik Agentliyinin və Braziliyanın “IDEIA Space” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Açılış mərasimində müsabiqəyə qatılan məktəblilər, beynəlxalq tərəfdaşlar, məktəb direktorları, fasilitator müəllimlər və layihə koordinatorları iştirak ediblər. İştirakçılara müsabiqənin məqsəd və hədəfləri, mərhələlər üzrə iştirak qaydaları, tapşırıqların icra və təsdiq olunma prosesləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, müsabiqə məktəblilərin kosmik texnologiyalara olan marağını artırmaq, elmi və praktiki bacarıqlarını inkişaf etdirmək və innovativ düşüncə qabiliyyətlərini gücləndirmək məqsədi daşıyır. Müsabiqədə Azərbaycan məktəblilərindən ibarət komandalar öz model peyklərini hazırlayacaqlar.

Müsabiqənin milli mərhələsi 2025-2026-cı tədris ilini əhatə edəcək və 3 əsas mərhələdən ibarət olacaq.

Xəbər lenti