Logo

Nəzakət Mehdiyeva: Müəllim dərsi dinamik keçməli, tələbəni müasir çağırışlara hazırlamalıdır

24.01.2025 12:50 68 baxış
IMG

“Əziz həmkarlar, əgər mən auditoriyaya üzümü tutub belə bir sual versəm: “Peşə təhsilində nə öyrədilməlidir?” Yəqin ki, hamınız bir ağızdan “səriştələr” deyəcəksiniz. Bəs əgər soruşsam, “Səriştə nədir?” Nə cavab verərdiniz? Yəqin ki, 20-30 fərqli fikir səslənər. Amma bu fikirlərin hamısının ortaq bir məğzi olacaq: səriştə mürəkkəb və dinamik vəziyyətlərdən çıxış yolu tapmaq və o situasiyanı həll edə bilmək bacarığıdır”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu bu gün "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda panel müzakirələr zamanı Təhsil İnstitunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

O, auditoriyaya daha bir sualla müraciət edib: “Yaxşı, belə bir bacarığı öyrədə bilən təhsilverən, yəni müəllim, hansı səriştələrə malik olmalıdır ki, biz arxayın olaq və deyək ki, təhsil prosesində hər şey qaydasındadır? Bu suala cavab verərkən, bəlkə də bir çoxunuz dərhal “rəqəmsal bacarıqlar” və “innovativ yanaşmalar” deyəcəksiniz. Çünki bu dövr bizdən tələb edir ki, texnologiyanın və süni intellektin verdiyi imkanlardan faydalanaraq, dərsimizi ən effektiv şəkildə qurmağı bacaraq”.

Nəzakət Mehdiyevanın sözlərinə görə, bu gün artıq hər bir müəllimə aydındır ki, tədris mövzusunu dinamik şəkildə, yeniliklərə uyğun olaraq təqdim etməli və tələbəni müasir çağırışlara hazırlamalıdır. Məqsədimiz isə hər zaman bu olmalıdır: peşə təhsilində ən yüksək səviyyəyə çatmaq və tələbələrimizi istədiyimiz nəticələrə yönləndirmək.

Xəbər lenti