Hindistanın Jindal Qlobal Universitetinin (O.P. Jindal Global University) nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib. Əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Jindal Qlobal Universitetini İnstitusional irəliləyiş və strateji qlobal əlaqələr ofisinin direktoru Rahul Bhandari və Reytinqlər, bençmarkinq və institusional transformasiya ofisinin baş meneceri Svapnil Bhosale, Azərbaycan Universitetini isə elmi işlər üzrə prorektor Yusif Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova və şöbənin mütəxəssisi Sevlan Qurbanova təmsil edib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə tərəflər təmsil etdikləri ali təhsil müəssisələrinin fəaliyyəti, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, mübadilə proqramlarında iştirak, elmi fəaliyyət və aktivlik haqqında məlumat verib, əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.