Logo

Görkəmli maarifçinin yubileyi qeyd olunub

06.03.2025 10:40 56 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 2 nömrəli Texniki-Humanitar liseyin təşkilatçılığı ilə görkəmli maarifçi, ictimai xadim Həbib bəy Mahmudbəyovun 160 illik yubileyi qeyd olunub.

TƏHSİL.BİZ xəbər verir ki, Bakı Kitab Mərkəzində keçirilən yubiley mərasimində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, millət vəkili Anar İsgəndərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, yazıçı-publisist Şərəf Cəlilli, Xalq artisti Nurəddin Mehdixanlı, Xalq rəssamı Rza Avşar, liseyin rəhbərliyi və müəllimlər iştirak ediblər.  

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova görkəmli ziyalının 160 illik yubiley mərasiminin təşkil olunmasını təqdirəlayiq hal kimi qiymətləndirib. Bildirib ki, belə şəxsiyyətlərin xatırlanması, onların qoyduğu maarifçilik ənənələrinin yaşadılması olduqca önəmlidir. N.Hüseynova əsası H.Mahmudbəyov tərəfindən qoyulan 2 nömrəli Texniki-Humanitar liseyin bu gün də onun ənənələrinə sadiq qalaraq təhsilimizin inkişafı, yeni ziyalı nəsillərin yetişməsi işinə töhfələr verdiyini diqqətə çatdırıb.

Millət vəkili A.İsgəndərov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru M.Mərdanov, liseyin direktoru T.Məcidli, yazıçı-publisist Ş.Cəlilli, xalq artisti N.Mehdixanlı, Xalq rəssamı R.Avşar çıxış edərək H.Mahmudbəyovun Azərbaycanda dünyəvi məktəb sisteminin inkişafında xüsusi rol oynayan böyük şəxsiyyət kimi səciyyələndiriblər. Bildiriblər ki, maarifpərvər ziyalının zəngin pedaqoji irsi xalqımızın məktəb və pedaqoji fikir tarixinin şanlı səhifələrindəndir.

Yubiley mərasimində H.Mahmudbəyovun həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub, incəsənət ustalarının ifasında klassiklərin əsərlərindən parçalar nümayiş etdirilib.

 

 

 


 

Xəbər lenti