Logo

“Yeni dövrün Azərbaycanı” mövzusunda tədbir keçirilib

06.03.2025 15:18 97 baxış
IMG

 

Martın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Yeni dövrün Azərbaycanı” mövzusunda Naxçıvan şəhəri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində şagirdlərlə görüş keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək Bakı Slavyan Universitet ilə birgə təşkil olunan bu görüşün əhəmiyyətindən bəhs edib. O vurğulayıb ki, Naxçıvan Təhsil Nazirliyinin illik tədbirlər planında şagirdlərlə interaktiv görüşlərin keçirilməsi mühüm yer tutur və bu görüşlər “Konstitusiya və Suverenlik İli” çərçivəsində daha da aktuallaşıb.  

Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı danışaraq bu qərarın əhəmiyyətini vurğulamış və müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında Konstitusiyanın rolundan bəhs edib. Rektor Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyasının ölkənin hüquqi-siyasi sisteminin əsasını təşkil etdiyini qeyd edərək 2002, 2009 və 2016-cı illərdə həyata keçirilmiş konstitusiya islahatlarının mahiyyətini və zəruriliyini təhlil edib. Rektor qeyd edib ki, aparılan islahatlar nəticəsində siyasi, sosial, iqtisadi və hüquqi sahələrdə mühüm yeniliklər baş vermiş, dövlət idarəçiliyinin təkmilləşməsi və insan hüquq və azadlıqlarının müdafiəsi üçün daha geniş baza formalaşdırılıb.

Anar Nağıyev həmçinin müasir dövrün beynəlxalq və regional geosiyasi reallıqlarına toxunaraq dünyanın siyasi xəritəsində baş verən dəyişikliklər fonunda Azərbaycanın mövqeyini təhlil edib. O, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və milli dəyərlərin qorunmasında həlledici rol oynadığını vurğulayıb. Rektor Heydər Əliyevin siyasi irsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkənin inkişafının məhz bu strateji kursa əsaslandığını qeyd edib.

Bundan əlavə, tədbirdə 2003-cü ildən etibarən Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, sosial rifahın yüksəlməsində, təhsil və səhiyyə sisteminin inkişafında mühüm rol oynadığı vurğulayıb. Azərbaycan Ordusunun gücləndirilməsi, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpa edilməsi və 2023-cü ildə keçirilən antiterror tədbirlərinin əhəmiyyəti xüsusi qeyd edib.

Anar Nağıyev çıxışında Prezident İlham Əliyevin 14 fevral 2024-cü ildə yenidən prezident seçilməsindən sonra etdiyi çıxışa diqqət çəkərək bu çıxışın gənc nəslin üzərinə qoyduğu böyük məsuliyyəti, gəncləşmə siyasətini və yeni dövrün çağırışlarını əks etdirdiyini qeyd edib və bu tarixi hadisənin ölkənin siyasi-iqtisadi inkişafı baxımından mühüm mərhələ olduğu vurğulayaraq yeni dövrün geosiyasi reallıqları kontekstində Qərb-Rusiya münasibətləri, Cənubi Qafqazda sülhün təmin olunması üçün yaradılan maneələr, Türk Dövlətləri Təşkilatının artan rolu və Azərbaycanın regional təhlükəsizlik kompleksinə çevrildiyini qeyd edib. Rektor çıxışında bildirib ki, Azərbaycan xalqı qüdrətli xalqdır və biz sübut etdik ki, öz taleyimizi özümüz həll edirik. Biz şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Vətən uğrunda, ləyaqət naminə ölümdən çəkinməyən gənc nəslin yetişdiyini qeyd edən rektor xalqımızın bir yumruq kimi birləşərək gücünü dünyaya nümayiş etdirdiyini vurğulayıb. Anar Nağıyev Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri – azərbaycançılıq ideologiyası bu gün də uğurla davam etdirildiyini bildirib. Bununla yanaşı, rektor işğaldan azad edilmiş ərazilərin mina təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti, eləcə də “yaşıl enerji” zonalarının yaradılması məsələlərinə də toxunub. A.Nağıyev çıxışında Türk Dövlətlər Təşkilatları çərçivəsində qardaşlıq münasibətlərinin inkişaf etməsi, Qoşulmama hərəkatı Azərbaycanın sədrliyi dövründə yeni müstəviyə qədəm qoymasını qeyd edərək, Azərbaycanın qlobal iqlim liderinə çevrildiyini və COP 29 ev sahibliyi etdiyi dönəmdə bir sıra mühüm qərarlar qəbul edildiyini vurğulayıb.

Görüşdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə “Konstitusiya və Suverenlik İli”nin elan edilməsinin mahiyyətini izah edərək onun ölkəmiz üçün tarixi əhəmiyyətindən danışıb.

Tədbirin interaktiv bölməsində şagirdlər aktiv iştirak edərək, konstitusiya və suverenlik mövzularında, eləcə də universitet həyatı, təhsil imkanları və ölkənin inkişaf perspektivləri ilə bağlı onları maraqlandıran sualları ünvanlayaraq geniş fikir mübadiləsi aparmışlar.

 

 

 

 

 


 


 

Xəbər lenti