“Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” mövzusunda hibrid formatda XXI Moskva konfransı keçirilib. Rusiya Elmlər Akademiyası, Qırğızıstan, Tatarıstan (Rusiya Federasiyası) , Qazaxıstan, Özbəkistan, Almaniya alimlərinin iştirak etdikləri konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova məruzə edib.
Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, “Zoom” platforması üzrə təqdim edilən “Şəmkir orta əsr şəhərgahının numizmatik tapıntıları” (rus dilində) mövzusunda məruzədə 2017-ci ildə Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru, professor Tarix Dostiyevin Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna təhvil verdiyi, Şəmkir şəhərgahında aşkarlanmış VIII – XIII əsrlərə (Abbasilər, Eldənizlər, Səlcuqlular, Gürcüstan) aid mis sikkələr barədə məlumat verilib.
Belə sikkələr qeyd olunan dövrdə Azərbaycanda pul təsərrüfatı və ticarət əlaqələri barədə qənaətlər əldə etməyə kömək edir. Məruzənin yekununda suallar cavablandırılıb və əməkdaşlıqla əlaqədar təkliflər səsləndirilib.