“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA-nın yaradılmasının 80 illiyinə və 27 Mart - Elm Gününə həsr olunan tədbir keçirilib.
Əvvəlcə Ümummilli Liderin büstü önünə əklil və gül dəstləri qoyulub, görkəmli dövlət xadiminin əziz xatirəsi ehtiramla yad edilib.
Bu barədə TƏHSİL.BİZ -ə AMEA-dan məlumat verilib. Tədbirdə “Azərbaycan Milli Ensiklopediya” Elmi Mərkəzinin direktor müavini professor Şaiq İbrahimov “Azərbaycan Milli Elmlər Akademiyası: 80 yaşlı elm məbədi” mövzusunda məruzə ilə çıxış edib. Professor vurğulayıb ki, akademiya Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin inkişafının istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında, peşəkar elmi kadrların yetişdirilməsində müstəsna rol oynayıb.
Məruzəçi qeyd edib ki, bu elm məbədinin sələfi 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti olub. Azərbaycanda elmə sistemli yanaşmanın əsası məhz bu Cəmiyyət tərəfindən qoyulub. 1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə həmin şöbə əsasında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı formalaşdırılıb. Nəhayət, 1945-ci il martın 27-də Azərbaycan Elmlər Akademiyası təsis olunub.
Professor vurğulayıb ki, akademiyanın inkişafında əlamətdar mərhələ Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci dövrünə təsadüf edir. Azərbaycan Elmlər Akademiyası Ümummilli Liderin ikinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə özünün yüksələn inkişaf yoluna qədəm qoyub. 2001-ci ildə Ulu Öndərin xüsusi Sərəncamı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli” statusu verilib.
Diqqətə çatdırılıb ki, 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 Mart - Elm Gününün təsis edilməsi, habelə elm sahəsində aparılan islahatlar elmin inkişafına və elm adamlarına göstərilən diqqətin təzahürüdür.
“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin fəaliyyət istiqamətləri və əsas nailiyyətləri barədə məlumat verən məruzəçi qeyd edib ki, Prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Ensiklopediyası AMEA-nın nəzdinə daxil edilib və onun bazasında 2004-cü il 5 may tarixli Sərəncama əsasən “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi yaradılıb.
Dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamını xatırladan professor Şaiq İbrahimov bu mühüm dövlət sənədinin Azərbaycan elminə, akademiyaya, aliminə verilən ən yüksək qiymətin ifadəsi olduğunu vurğulayıb. O, AMEA-nın 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsini təmin etmək məqsədilə Komissiyanın yaradıldığını və Tədbirlər planının təsdiqləndiyini söyləyib.