Logo

Novruz 2025: Təhsil işçiləri və tələbələrin birlik düşərgəsi – REPORTAJ

29.03.2025 11:57 89 baxış
IMG

Mart ayının sərin, lakin bahar ətri gətirən səhəri… Xaçmazın Xuray kəndi yaşıl meşələrin qoynunda təhsil işçilərini bir araya gətirən “Təhsil” İstirahət Mərkəzi ilə canlanır. Burada sanki təbiətin özü də Novruz bayramının ab-havasına bürünüb. Göy üzündə günəş təbəssüm edərkən düşərgəyə toplaşan müəllimlərin simasında da bayram sevinci oxunur.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən təşkil edilən “Novruz 2025” düşərgəsi qapılarını açır və bu il ilk dəfə olaraq təhsil işçiləri üçün baharın gəlişi yalnız təbiətin oyanışı ilə deyil, həm də birlik və dinc istirahətlə qeyd edilir. 

Müqəddəs Ramazan ayına təsadüf edən Novruz bayramı münasibətilə təşkil edilən düşərgədə 2 mərhələ üzrə ümumilikdə 700-ə yaxın ittifaq üzvü olan müəllim və tələbələrin istirahəti təşkil olunmuşdu. Düşərgə 21-25 mart tarixlərini əhatə edən birinci mərhələ üzrə paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarından gələn məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər, eləcə də təhsil sahəsində çalışan şəhid və qazi ailələrinin üzvlərini qəbul etməyə hazır idi. 

“Azərbaycan müəllimi” olaraq biz də bu düşərgəyə dəvətliydik. İlk başdan artıq əmin idik ki, Kosa, Keçəl və Bahar qızı tərəfindən düşərgə iştirakçılarının səmimi qarşılanması, düşərgənin açılış mərasimində səslənən təbriklər, bayram tonqallarının istiliyi və keçiriləcək mədəni tədbirlər iştirakçıları uzun müddət unudulmaz xatirələrlə baş-başa qoyacaq. Zəngin proqram, 5 gün boyu rəngarəng əyləncəli tədbirlər, psixoloji dəstək seminarları, komanda oyunları və daha nələr... Ən əsası isə müəllimlərin ruhən və fiziki olaraq yenilənməsi, yüksək əhvali-ruhiyyə ilə bayramları qarşılamaları olacaqdı. 

Elə qeyd etdiyimiz kimi, biz də bu bayram düşərgəsində müəllimlərin duyğularını, onların istirahət anlarını və tədbirin onlar üçün nə demək olduğunu sizlərlə paylaşmaq üçün burdayıq. 

Düşərgənin açılış mərasimində çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev tədbir iştirakçılarını salamlayaraq ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin Novruz bayramı münasibətilə təhsil işçilərinə ünvanladığı təbrikləri çatdırdı. O, vurğuladı ki, “Novruz 2025” düşərgəsi yalnız istirahət deyil, həm də ittifaq üzvlərinin bir araya gələrək fikir mübadiləsi aparması, komanda ruhunun möhkəmləndirilməsi üçün mühüm bir fürsətdir:

“Bu düşərgə təhsil işçilərinin dincəlməsi, özlərini daha güclü və motivasiyalı hiss etməsi üçün təşkil edilib. Burada müəllimlərimizin həm istirahəti, həm də faydalı fəaliyyətlərdə iştirak etmələri üçün hər cür şərait mövcuddur. Beş gün ərzində keçiriləcək mədəniyyət və incəsənət tədbirləri, əyləncəli proqramlar, psixoloji dəstək seminarları təhsil işçilərinin yalnız peşəkar deyil, həm də şəxsi inkişafına töhfə verəcək. Həmçinin, onların övladları üçün də rəngarəng əyləncə proqramları təşkil olunub ki, bu da düşərgəni ailəvi istirahət üçün daha da unudulmaz edir”,– deyə T.Abdullayev çıxışında bildirdi. 

Sədr müavini respublikanın müxtəlif bölgələrindən düşərgəyə qatılan məktəbəqədər təhsil işçilərinə xoş istirahət arzulayaraq, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi.

Düşərgənin açılış mərasimi rəsmi çıxışlarla yekunlaşır və əsl bayram əhvali-ruhiyyəsi iştirakçıların səmimi söhbətləri, paylaşdığı duyğularla davam edir. Müxtəlif bölgələrdən gələn təhsil işçiləri bu tədbirin onlar üçün nə qədər dəyərli olduğunu vurğulayaraq, düşərgənin yaradıcı atmosferini yüksək qiymətləndirdilər.

Kürdəmirdən gələn 3 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Elza Məmmədova “Novruz hər zaman birlik bayramıdır, bu dəfə onu həmkarlarımızla, yeni dostlarımızla qeyd edirik. Bu, bizim üçün həm mənəvi istirahət, həm də yeni ideyalarla zənginləşmək fürsətidir”, – deyir. Bakı şəhəri 198 nömrəli körpələr evi–uşaq bağçasının tərbiyəçi-müəllimi Fatma Hacıyeva isə düşərgənin müəllimlər üçün psixoloji və sosial baxımdan önəmini vurğulayır. “Müəllimlik, xüsusilə balacalarla işləmək  çətin və məsuliyyətli peşədir. Burada olmaq bizə yalnız dincəlmək fürsəti deyil, həm də bir-birimizdən öyrənmək imkanı yaradır. Ən əsası isə, Novruzun gözəlliyini birgə hiss edirik”.

Burada səslənən hər fikirdə bir doğmalıq, Novruzun ruhuna uyğun isti və səmimi hisslər vardı. Düşərgəyə qatılan hər kəs burada keçirəcəyi günlərin uzun müddət yaddaşlarında qalacağını söyləyirdi.

Günün yorğunluğu axşamın bayram coşqusuna çevrilmişdi. Düşərgənin bütün iştirakçıları Novruzun ənənəvi simvolları – Keçəl, Kosa və Bahar qızının şən çıxışlarını izləmək üçün bayram konsertinə toplaşmışdı. Keçəlin məzəli zarafatları, Kosanın mehriban şıltaqlıqları və Bahar qızının ruhlandırıcı sözləri gecəyə xüsusi rəng qatırdı.

Ədəbi-musiqili gecənin ən yaddaqalan hissələrindən biri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi kollektivinin çıxışı idi. Onların təqdim etdiyi musiqi nömrələri bayram ovqatını daha da artıraraq hər kəsi bu gözəl gecənin sehrinə salırdı. Səhnədə ifa olunan xalq mahnıları, rəqslər və teatrlaşdırılmış tamaşalar düşərgə iştirakçılarına elə ilk gündən  unudulmaz anlar yaşadırdı. Heç kim yorğunluq hiss etmirdi – musiqinin sədaları altında hamı rəqs edir, şənlənir, Novruzun birləşdirici gücünü doyunca hiss edirdi, düşərgədə bayram ab-havası hiss olunurdu. 

Gecənin sakitliyini isə bayırda qalanan tonqalın gur alovu və insanların xoş təbəssümü işıqlandırırdı. Respublikanın müxtəlif bölgələrindən gəlmiş təhsil işçiləri, şəhid ailələrinin üzvləri, balaca fidanlar – bayramın ruhunu birlikdə yaşamaq üçün tonqal ətrafına toplaşmışdı. Od dillənirdi, alov yüksəlirdi, sanki arzulara qanad verirdi. İnsanlar səmimi söhbətlər edir, Novruzun gətirdiyi birlik, həmrəylik və ümid hissini birgə bölüşürdülər. Şəhid ailələri ilə birlikdə bu bayramı qeyd etmək düşərgə iştirakçıları üçün həm duyğusal, həm də mənəvi bir məsuliyyət idi – bu alov təkcə bayram tonqalı deyil, həm də şəhidlərimizin ruhuna ehtiramın, vəhdətin və millətin birliyinin simvolu idi. Və Novruzun işığı Xurayda bir başqa parlayırdı…

İdman yarışları, interaktiv oyunlar, seminarlar və mənalı görüşlər

Novruz düşərgəsi yalnız bayram ovqatı ilə deyil, ATİAHİ Respublika Komitəsi tərəfindən iştirakçılar üçün hazırlanmış maraqlı proqramlarla seçilirdi. Gündüzlər interaktiv oyunlar, komanda yarışları və idman turnirləri təhsil işçilərinin və uşaqların günlərini daha da rəngarəng edirdi. Hər kəs üçün maraqlı bir fəaliyyət tapılırdı – kimisi stolüstü oyunlarda bacarığını sınayır, kimisi isə açıq havada keçirilən idman yarışlarında öz gücünü nümayiş etdirirdi.

Düşərgənin ən mənalı tədbirlərindən biri şəhid ailələri və qazilərlə keçirilən görüş oldu. “Təhsil” İstirahət Mərkəzinin konfrans zalında keçirilən görüş yalnız bir tədbir deyildi, bu hörmət, ehtiram və minnətdarlığın ifadəsi idi. Müxtəlif bölgələrdən gəlmiş təhsil işçisi olan şəhid anaları, şəhid xanımları və qazilər səmimi söhbətlər edir, xatirələrini bölüşür, həyatın mənalı tərəflərindən danışırdılar. Bu anlar hər kəs üçün duyğusal və unudulmaz idi. Görüş zamanı şəhid ailələrinin üzvləri və qazilər Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin onlara göstərdiyi diqqət və qayğıdan danışaraq minnətdarlıqlarını bildirirdilər. Çıxış edənlər belə tədbirlərin onların həyatına bir az da olsa sevinc qatdığını deyirdilər: 

“Burada bizə hər cür şərait yaradılıb. Həm dincəlir, həm də asudə vaxtımızı mənalı keçiririk. Uşaqlar üçün xüsusi proqramlar təşkil olunub, onlara gözəl hədiyyələr verilib. Bu diqqət bizə ruh verir, göstərir ki, fədakarlığımız unudulmur. Bu düşərgə yalnız istirahət üçün deyil, həm də mənəvi güc qazanmaq üçün böyük bir imkandır. Belə tədbirlər bizlərə güc verir, bir araya gətirir. Ən əsası isə şəhid ailələrinin, qazilərin dəyərli olduğunu bir daha hiss etdirir”.

Bəli, bu görüşdə hər kəs şəhid ailələrinin fədakarlığını hiss edir, qazilərin qəhrəmanlığını bir daha dərk edirdi. Düşərgə təkcə istirahət və əyləncə yeri deyil, həm də hörmətin, birliyin, həmrəyliyin və Novruzun əsl mənasının hiss edildiyi bir məkana çevrilmişdi.

Görüşdən sonra “Təhsil” İstirahət Mərkəzinin “Xatirə bağ”ında şəhidlərə ehtiram əlaməti olaraq müxtəlif ağaçlar əkildi.

Qazi ailəsinin bayram sevinci

Növbəti yeni günə gözəl əhvali-ruhiyyə ilə başlayırıq. Günəşin ilk şəfəqləri olduğumuz məkanın gözəl təbiətini işıqlandırarkən, biz də düşərgə iştirakçılarının bayram sevincini, onların burada keçirdikləri anları yaxından izləmək üçün ailələrlə söhbət etməyə qərar veririk. Düşərgənin sakit bir guşəsində, uşaqların gülüş səsləri altında bir-birindən maraqlı həyat hekayələri ilə tanış olmağa başlayırıq. İlk həmsöhbətimiz qazi ailəsi olur.

Fatimə Abdullayeva Qubadlı şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında çalışır. 3 övlad anasıdır. İşlədiyi bağça Sumqayıt şəhərində fəaliyyət göstərir. Bayram günlərində təşkil edilən bu düşərgə onun ailəsi üçün unudulmaz bir istirahətə çevrilib. Ən çox sevinənlər isə övladları Dəniz, Adəm və Həvvadır.  

Fatimənin həyat yoldaşı, Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlı Qüvvələrinin  kəşfiyyatçısı olmuş Xəzər Abdullayevlə yaxından tanış olduqca, onun keçdiyi şərəfli döyüş yolunun hekayəsini eşitmək qürurverici olur. Əslən Şuşadan olan Xəzər Abdullayev 3 yaşında ailəsi ilə birlikdə doğma yurdundan didərgin düşərək Bakıya pənah gətirib. 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçısı olan Xəzər Aprel döyüşlərində qəhrəmanlıq göstərib. 44 günlük Vətən müharibəsində isə Cəbrayıl və Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edərək düşmənə sarsıdıcı zərbələr endirib. Dörd dəfə yaralanıb. Sonuncu dəfə ağır yaralandıqdan sonra ordudan tərxis olunub və hazırda I qrup əlildir.

Özü haqqında danışmağı sevməyən bu qəhrəman insanın fədakarlığını həyat yoldaşı Fatimədən eşidirik: “Bilirsiniz, Xəzər Vətənini, torpağını canından artıq sevir. Hərbçi ailəsi olmaq həm şərəfli, həm də çətindir. Baxmayaraq ki, səhhəti ilə bağlı müalicə alırdı, amma bizi bu istirahətdə tək qoymadı. Uşaqlarının sevincli anlarını onlarla birlikdə yaşamaq istədi”, - deyə Fatimə söyləyir.

O, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə belə bir gözəl düşərgə təşkil etdikləri üçün dərin təşəkkürünü bildirir: “ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev başda olmaqla bütün komitə əməkdaşlarına minnətdarlığımı bildirirəm. Bu düşərgə bizi bir araya gətirdi, övladlarımızla birlikdə xalqımızın bu gözəl bayramlarının sevincini yaşayırıq”. 

Şəhid qızı, şəhid xanımı- Qəmər Rəhimlinin taleyində təkrarlanan qismət

Düşərgədə istirahət edənlər arasında elələri var ki, onların hər sözü, hər anısı Vətən sevgisi və fədakarlıqla yoğrulub. Onlardan biri də Qəmər Rəhimlidir. O, şəhid qızıdır… Və taleyin hökmü ilə illər sonra şəhid xanımı da oldu.

Qəmər Rəhimli Ağdam rayonunun Şıxlar kəndində doğulub. Onun həyatı körpə yaşlarından sınaqlarla dolu olub. Atası Şükür Rəhimov Birinci Qarabağ müharibəsində könüllü olaraq döyüşlərə qatılıb və 1994-cü ildə şəhid olub. O zaman Qəmər cəmi 1 yaş 21 günlük imiş.

İllər keçdi… O, ailə həyatı qurdu. Amma həyat acı taleyini yenidən təkrarladı. Həyat yoldaşı Murad Rəhimli 44 günlük Vətən müharibəsində könüllü iştirak edərək 2020-ci il oktyabr 10-da Suqovuşan uğrunda gedən ağır döyüşlərdə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olur.

Muradın orduya könüllü yazılmasının əsas səbəbi general Polad Həşimovun şəhid olması idi. O, iki körpəsini – Məhəmmədi və Hüseyni evdə qoyaraq Vətən uğrunda döyüşməyə getdi. Murad şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qəmər deyir ki, həyat onu daha da möhkəm edib: “Şəhid qızı olduğum üçün artıq bu ağrılı hisslər mənə tanış idi. Sadəcə bu dəfə şəhid xanımı idim. Bu məni ağrıtsa da, təskinliyim Muradın Vətən uğrunda canından keçməsi və onun mənə əmanət qoyduğu iki gözəl balamızdır. Mən Muradın yadigarlarını ona layiq böyütməliyəm. Bunun üçün də özümü toparlayıb ayaqüstə durmağa çalışıram”.

O, eyni zamanda təhsilin insan həyatında nə qədər böyük rol oynadığını xüsusi vurğulayır: “Bütün qız analarına səslənmək istəyirəm. Övladlarınıza təhsil verin, onları mütləq oxudun. Həyatın çətinliklərinə hazır olmaq üçün qadın hər şeydən əvvəl savadlı olmalıdır. Mənə uşaqlıqdan “yıxılan evin dirəyisən” deyirdilər. Bu sözlərin sonradan həyatımda necə böyük rol oynadığını indi daha yaxşı anlayıram. Kaş ki, yıxılan evin dirəyi deyil, xoşbəxt bir ailəm olardı. Amma bu da mənim alın yazımdır”.

Qəmər deyir ki, dövlətimiz tərəfindən şəhid ailələrinə hər cür dəstək göstərilir. Təkcə maddi deyil, mənəvi olaraq da hər zaman yanımızdadır:

“Bu düşərgə bizim üçün həm də bir mənəvi dəstək oldu. Burada keçirdiyim hər an çox dəyərlidir. Uşaqlar da çox sevinclidir. ATİAHİ Respublika Komitəsinə belə bir gözəl düşərgə təşkil etdikləri təşəkkür edirəm. Burada olduğumuz müddətdə komitənin əməkdaşları bizə xüsusi həssaslıqla yanaşır, istəklərimizi yerinə yetirirlər. Onların gülərüzlü siması, mehribançılığı sayəsində düşərgədə artıq böyük bir ailəyə çevrilmişik”.

“Biz mənəvi dəstək görəndə özümüzdə güc tapırıq”

Vətən uğrunda canından keçən igidlərin anaları üçün hər gün həm qürur, həm də nisgillə başlayır. Bu gün onlar cəmiyyətimizin ən böyük ehtiram göstərdiyi insanlardır. Onlardan biri də “Azərbaycan Bayrağı” ordenli şəhid Orxan Namazovun anası Goranboy rayonu Xoylu kəndi körpələr evi-uşaq bağçasının müdiri Nailə Məmmədovadır. O, uzun illərdir ki, balacaların təlim-tərbiyəsi ilə məşğuldur. 

Şəhid anası deyir ki, Orxan Azərbaycan Texnologiya Universitetini bitirsə də, onun ən böyük arzusu hərbçi olmaq idi. Oğlu Aprel döyüşlərindən sonra hərbçi olmağa qəti qərar verdi və 44 günlük Vətən müharibəsində iştirak edərək Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid oldu. Onun göstərdiyi igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib. 

Nailə xanım düşərgədə keçirdiyi günlərlə bağlı təəssüratlarını bölüşür: “Düşərgədə bizə isti münasibət göstərilir, hamı tərəfindən hörmət və ehtiram görürük. Biz mənəvi dəstək görəndə özümüzdə güc tapırıq. Bu cür tədbirlər şəhid ailələrinə göstərilən ehtiramın bariz nümunəsidir”.

Hər zaman deyirdik ki, o gün olsun ki, xalqımızın ən gözəl bayramlarını işğaldan azad olunan torpaqlarımızda qeyd edək. Şükürlər olsun, arzularımız yerinə yetdi.Bu gün azad olunmuş torpaqlarımızda bayram tonqalları alovlanır”.

Uzunillik məktəbəqədər təhsil sahəsində təcrübəyə malik pedaqoq deyir ki, bağçalarda gələcəyimizin təməli qoyulur: “Bizim borcumuz odur ki, balaca fidanlara Vətən sevgisini aşılayaq, onların vətənpərvər ruhda yetişməsinə töhfə verək. Uşaqlar bizim gələcəyimizdir və biz onları elə böyütməliyik ki, torpaqlarımızın qədrini bilsinlər, Vətən sevgisini hər şeydən uca tutsunlar”.

“Bu düşərgə mənim üçün unudulmaz xatirələrlə yadda qalacaq”  

Vətən uğrunda döyüşmək və canını ortaya qoymaq bir ailənin nəsillərlə ötürülən şərəfli mirasıdır. Mətanət İsmayılova da belə bir ailədə böyüyüb. O, Kürdəmir rayon 4 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim kimi çalışır və bu düşərgədə veteran ailəsinin üzvü kimi iştirak edir. 

"Atam Böyük Vətən müharibəsi iştirakçısı olub. O, daim bizə Vətən sevgisini, torpağa bağlılığı öyrədirdi. Mən də bu dəyərləri uşaqlara aşılayan bir müəllim olaraq bu düşərgədə iştirak etməkdən qürur duyuram”. 

Bu, Mətanət müəllimin belə bir tədbirdə ilk iştirakıdır.Artıq düşərgənin ilk günlərindən buradakı səmimi və isti münasibət onda xoş təəssüratlar oyadıb: “Burada təkcə istirahət etmirik, həm də yeni dostlar qazanırıq.Şəhid anaları, qazilər, veteran ailələri – hamımız eyni dəyər ətrafında birləşdik.Hər kəs öz həyat hekayəsini danışdı və biz bir daha anladıq ki, Vətən uğrunda canından keçənlər və onların ailələri nə qədər dəyərlidir.Mənim üçün ən təsirli məqam o oldu ki, burada olan hər kəs eyni hissləri yaşayır, eyni qüruru daşıyır”.
Mətanət İsmayılova düşərgənin təşkilatçılarına minnətdarlığını bildirərək qeyd edir ki, bu təşəbbüs həm mənəvi, həm də sosial baxımdan çox önəmlidir:

"Bu düşərgə bizə təkcə fiziki istirahət vermədi, ruhumuzu da dincəltdi. Bizə göstərilən diqqət və qayğı hər şeydən önəmlidir. Mən buradan gözəl təəssüratlarla ayrılacağam.Yeni həmkarlarla tanış oldum, dostlar qazandım və ən əsası, Vətən üçün xidmət edən insanların yanında olmağın qürurunu yaşadım. Bu düşərgə mənim üçün unudulmaz xatirələrlə yadda qalacaq”.  

Şəhid xanımı olmaq həm qürurdur,həm də ağır yük

Afət Seyidova bu düşərgəyə şəhid xanımı kimi dəvət olunub. O,Kürdəmir rayon 4 nömrəli körpələr evi-uşaq bağçasında sanitar-dayə kimi çalışır. Onun həyat yoldaşı Yaşar Seyidov Birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edərək 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.

“Yaşar Vətəni hər şeydən üstün tutan insan idi.O, cəbhəyə könüllü yollanmışdı. Mənim üçün onun yoxluğu təkcə həyat yoldaşını itirmək deyil, həm də iki balamızın atasız böyüməsi idi. Oğlum Əvəz atasının üzünü belə görməyib. Qızım Günay isə atasız qalan zaman cəmi bir yaş yarımlıq idi. Mən bütün ömrümü onların atalarına layiq övladlar kimi böyümələrinə həsr etdim,” – deyə Afət xanım söyləyir.

Onun sözlərinə görə, bu düşərgə şəhid ailələri üçün təkcə bir istirahət yeri deyil, həm də mənəvi bir dayaqdır.

Hamının sevgisini qazanan Bahar qızı, Kosa və Keçəl

Novruz bayramından danışırıqsa, onu Bahar qızı, Kosa və Keçəlsiz təsəvvür etmək mümkün deyil. Düşərgədə də bu ənənə yaşadılırdı.Belə ki,beş gün boyunca Bahar qızı, Kosa və Keçəl düşərgə iştirakçılarının qarşısına maraqlı çıxışlarla çıxdılar, teatrlaşdırılmış səhnələr təqdim etdilər.Onların hər bir şən zarafatı, oynadıqları səhnələr bayramın ruhunu daha da canlandırdı.

Gənclər, sözün əsl mənasında, Novruzun ab-havasını düşərgəyə gətirməyi bacarırdılar. Onlarla söhbət edərkən, hər birinin  bu missiyanı necə sevə-sevə yerinə yetirməsinin şahidi oluruq.Onaların hər üçü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir.

Məhəmməd Gülmalıyev universitetin SABAH qrupları “Teatr sənəti” ixtisası üzrə  3-cü kursda təhsil alır. Keçəl rolunu oynayır. O, əvvəllər bir çox tədbirlərdə iştirak edib və məktəb illərində həm Keçəl, həm də Kosa rolunu canlandırıb. Lakin, bu dəfəki iştirakını xüsusi vurğulayır: “Bu düşərgədə təhsil işçilərinin qarşısında çıxışım ilk dəfədir. Uşaqlarla və tələbələrlə çox işləmişəm, amma şəhid ailələri və onların övladları ilə ünsiyyətdə olmaq, üzlərdə təbəssüm yaratmaq mənim üçün bir qədər həm də məsuliyyət idi. Onlarla daha həssas və içdən davranmaq lazımdır. Bu il bayramda öz ailəmin yanında olmasam da, burada təhsil ailəsində olmaqdan qürur duydum. Üzlərdə sevinc və təbəssüm yarada bildimsə, nə xoş mənə”.

Məhəmməd gələcəyini Azərbaycan teatrının böyük səhnəsində dramatik rollarda görür. “Bizim kurs rəhbərimiz Xalq Artisti Mehriban Zəkidir. Mənim məqsədim, Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaqdır," – deyə Məhəmməd əlavə edir. Bu sözlər, onun gənc yaşda belə, böyük səhnələrdə öz yerini tapmaq arzularını göstərir.

Aysel Babayeva Teatr sənəti fakültəsinin 2-ci kurs tələbəsidir.Bahar qızı rolunu oynayır. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən ona bu rol təklif olunanda böyük məmnuniyyətlə qəbul edib: “İlk dəfə idi ki, belə bir auditoriya qarşısında çıxış edirəm. Bu təcrübə mənim üçün çox dəyərlidir. Uşaqlıqdan incəsənətin bir çox sahələri ilə – rəqs, musiqi və rəsmlə məşğul olmuşam.Hansını seçəcəyimə qərar verə bilmirdim, amma sonradan anladım ki, bunları hamısını aktrisalıqda birləşdirə bilərəm. Burada iştirak etmək mənim üçün çox qürurvericidir, çünki təhsil işçiləri qarşısında çıxış edirik.Onların balacaların tərbiyəsində  və məktəbə hazırlığında çəkdikləri zəhmət ölçüyəgəlməzdir”. 

Bahar qızı rolunda Aysel, həm aktyorluq bacarıqlarını inkişaf etdirir, həm də bu mühüm tədbirdə iştirak etməklə özünü yeni bir auditoriya qarşısında sınayır. Gələcəkdə teatr və kino sahəsində uğurlu bir aktrisa olmaq istəyən Aysel, bu təcrübəni onun üçün vacib bir addım hesab edir.

Kosa rolunun ifaçısı Ayxan Hüseynov da Teatr sənəti fakültəsinin 1-ci kurs tələbəsidir. O, Bakıda doğulub, amma əslən Qərbi Azərbaycandandır. Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbi bitirib və öz arzuladığı ali məktəbə qəbul olunub.

“Mən universitetimizin Tələbə Həmkarlar İttifaqı  Komitəsinin fəal üzvüyəm. ATİAHİ Respublika Komitəsinin fəaliyyətindən xəbərim vardı və bu təşkilatın tələbələrlə əməkdaşlıq əlaqələrindən də məlumatlı idim.Bu düşərgədə böyük məmnuniyyətlə iştirak edirəm”.

Ayxan məktəb illərində Abşeron rayonunda keçirilən bayram tədbirlərində iştirak edib. O, Kosa, Keçəl, Dədə Qorqud rollarını canlandırıb.Budəfəki çıxışının təhsil işçiləri qarşısında olmağı onun üçün çox önəmlidir: “İlk dəfə bu qədər böyük bir təhsil ailəsinin qarşısında çıxış edirəm və mənim üçün böyük sevincdir. Biz burada düşərgə iştirakçılarının zövqünü oxşamağa, onların üzlərində təbəssüm yaratmağa çalışırıq.Alqışlar bizim buna nail olduğumuzu göstərir”.

Ayxan belə tədbirlərin həmçinin tələbələrin sosiallaşmasının və istedadlarının üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayır: “Bu düşərgə tələbələr üçün böyük bir motivasiyadır. Dərslər və semestr yorğunluğundan sonra bu cür fəaliyyətlər bizi həm ruhlandırır, həm də yeni enerji verir”.

ATİAHİ Respublika Komitəsinin yeni rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən layihələr…

Bir sözlə, bu düşərgədən təhsil işçiləri də və onların asudə vaxtlarının səmərəli və mənalı keçməsi üçün əlindən gələni əsigəməyən gənclər də razılıqla danışırdılar.Təhsil işçiləri etiraf edirdilər ki, son illərə qədər belə genişmiqyaslı tədbirlər olmamışdı.Məhz ATİAHİ Respublika Komitəsinin yeni rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən bu cür layihələr artıq ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanmaqdadır. Bizim söhbətləşən düşərgə iştirakçıları söyləyirlər ki, belə tədbirlər ittifaq üzvlərinin əməyinə verilən bir qiymətdir: “ATİAHİ Respublika Komitəsinin fəaliyyətində sözün yaxşı mənasında canlanma var və ittifaq üzvlərinə diqqət və qayğını biz öz üzərimizdə hiss edirik”.

Onu da qeyd edək ki, bu unudulmaz beş gün ərzində axşam saatlarında təşkil edilən tədbirlərdə təhsil işçilərinin ad günləri xüsusi olaraq qeyd olundu. Təhsil işçilərinə verdikləri töhfələrə görə ATİAHİ Respublika Komitəsinin təşəkkürləri çatdırıldı və onlara hədiyyələr təqdim olundu. Eyni zamanda, düşərgədə təşkil olunan idman yarışlarında təhsil işçiləri öz idman bacarıqlarını nümayiş etdirərək  yarışların qalibi oldular. ATİAHİ Respublika Komitəsi tərəfindən qaliblər diplomlar və Təşəkkürnamələrlə təltif olundular.

Hər kəs düşərgədən özü ilə unudulmaz xatirələr aparır

Artıq məktəbəqədər təhsil müəssisələrində çalışanlar üçün təşkil olunan Novruz düşərgəsi başa çatır. Respublikamızın müxtəlif bölgələrdən gəlmiş təhsil işçiləri avtobuslarla  Xuray kəndində yerləşən "Təhsil" İstirahət Mərkəzindən evlərinə doğru yola düşürlər. Onların hər biri düşərgədən özü ilə unudulmaz xatirələr aparır. ATİAHİ tərəfindən təşkil edilən bu tədbir həmkarların bir araya gələrək həmrəylik və birliyinin daha da möhkəmləndirməsinə zəmin yaratdı.Və komitə öz məqsədinə çatdı – bütün iştirakçılar bir təhsil ailəsi olmağı bacardı.
Bu gözəl təcrübə həm təhsil işçilərinin professional inkişafına, həm də şəxsi əlaqələrin dərinləşməsinə xidmət etdi. Düşərgə iştirakçıları burada qazandıqları təcrübələr və yeni dostluqlarla daha da zənginləşərək öz bölgələrinə dönürlər. Bu tədbir yalnız təhsil sahəsindəki əməkdaşlığı gücləndirmək məqsədi güdmədi, həm də insanlar arasında əlaqə və dostluq körpüləri qurdu.

Nəticə etibarilə, "Novruz 2025" düşərgəsi öz məqsədini tam şəkildə reallaşdırdı və hər bir iştirakçıya gələcək işlərində ilham verdi. ATİAHİ Respublika Komitəsi həmkarlar arasında həmrəylik və müsbət enerji ilə bu layihəninin birinci  mərhələsini başa çatdıraraq böyük bir uğura imza atdı.

Bakı-Xuray-Bakı

Xəbər lenti