Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru professor Sübhan Namazov Türkiyənin Bursa Uludağ Universiteti (BUU) və Bursa Texniki Universitetində (BTU) işgüzar səfərdə olub.
Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində prorektor Sübhan Namazov BUU-nun rektoru professor Ferudun Yılmazla görüşüb.
AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu deyən rektor birgə layihələrin yerinə yetirilməsi, AzTU-da hazırlanan ixtisaslar üzrə birgə doktorluq proqramlarının həyata keçirilməsi barədə razılığını bildirib. Görüşün sonunda AzTU və BUU arasında Anlaşma Memorandumu imzalanıb. Səfər zamanı prorektor Sübhan Namazov BUU-nun Mühəndislik fakültəsində görüşlər keçirib, laboratoriya bazası ilə tanış olub, həmçinin kafedraların rəhbərləri ilə müzakirələr aparıb.
Səfər çərçivəsində AzTU və BTU arasında da Anlaşma Memorandumu imzalanıb. BTU-nun prorektoru professor Beyhan Bayhanla görüş zamanı hər iki universitet arasında oxşar təhsil və tədqiqat faliyyətləri, mövcud əlaqələrin inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Prorektor Sübhan Namazov BTU ilə birgə doktorantura proqramlarının yerinə yetirilməsi üçün imkanlardan danışıb.
BTU-nun prorektoru Beyhan Bayhan qeyd olunan məsələ ilə bağlı razılığını bildirib və maddi-texniki bazanın birlikdə istifadəsini dəstəkləyib.
Prorektor Sübhan Namazov səfər çərçivəsində BTU-nun müasir Mərkəzi Araşdırma Laboratoriyası ilə tanış olub və əməkdaşlıq imkanlarını müzakirə edib. Həmçinin BTU-nun AzTU ilə uyğun olan kafedralarının maddi-texniki və zəngin laboratoriya bazasına baxış keçirilib.
Bundan başqa, kafedra müdirləri ilə mümkün birgə fəaliyyətlər geniş müzakirə olunub, hərtərəfli əməkdaşlıq edilməsinin mümkünlüyü barədə razılıq əldə edilib.