Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyi anbar logistikası üzrə qısamüddətli təlimlər təşkil edəcək

16.07.2021 10:37 741 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə keçirilən qısamüddətli təlimlər çərçivəsində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Abşeron Logistika Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində anbar logistikası üzrə qısamüddətli təlimlər təşkil ediləcək.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, təlimlərdə iştirak üçün ərizə qəbulu iyulun 23-dək davam edəcək. Minimum tam orta təhsil səviyyəsini uğurla tamamlamış və təməl kompüter bilikləri olan şəxslər təlimə müraciət edə bilərlər.

 

Təlimdə əsasən praktiki biliklərin verilməsinə yönəlmiş qısamüddətli təlim çərçivəsində iştirakçılar anbar logistikası, onun təşkili, anbarların növləri və standartları, anbar həcmlərinin və logistika əməliyyatlarının planlanması, anbar logistikasında xərclər və gəlirlər, həmçinin əlavə dəyər xidmətləri, sənədləşmə, anbar planı və avadanlıqları kimi müxtəlif mövzular üzrə nəzəri və praktiki biliklər əldə edə biləcəklər.

 

Təlimin nəzəri hissəsi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Abşeron Logistika Mərkəzində təşkil ediləcək. Yekunda təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq, əlavə olaraq seçilmiş namizədlər təlim ödənişindən azad ediləcək.

 

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə logistika istiqaməti üzrə bir sıra qısamüddətli təlimlər təşkil edilir. Təlimlərin əsas məqsədi gündən-günə ehtiyacın artdığı logistika sahəsi üzrə qabaqcıl müəssisələrlə əməkdaşlıqda əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasıdır.

Xəbər lenti