Təhsil eksperti Kamran Əsədov vurğulayır ki, 2024-cü il Azərbaycan təhsili üçün çətin keçən illərdən biri oldu. Xüsusilə müəllim kadrlarının sayında baş verən dəyişikliklər – vəfat edən, işdən azad olunan və ya işinə xitam verilən müəllimlərin artması təhsil sisteminə mənfi təsir göstərdi. Bu tendensiya təkcə kadr çatışmazlığı deyil, həm də ümumi təhsil keyfiyyətinin aşağı düşməsi ilə nəticələnə bilər.
Rəsmi məlumatlara əsasən, 2024-cü ildə ölkədə 500-dən çox müəllim müxtəlif səbəblərdən işdən ayrılıb. Bunlardan 450-dən çoxu yaşla bağlı təqaüdə göndərilib, 20-dən çox müəllim isə iş - əmək qaydalarını pozduğu üçün işdən azad edilib. Kamran Əsədov qeyd edir ki, “işdən azad olunan müəllimlərin əksəriyyətində əsas səbəb sertifikatlaşdırma prosesində zəif nəticə göstərmələri olub. Bu prosesin şəffaflığı və obyektivliyi isə hələ də müzakirə mövzusudur.”
Eyni zamanda, 2024-cü ildə 85-dən çox müəllimin vəfat etməsi də ciddi narahatlıq doğurur. Ekspert bildirir ki, bu rəqəm pandemiya dövründən sonra daha çox diqqətə alınmalıdır. “Müəllimlərin sağlamlıq problemləri ilə bağlı ciddi statistika aparılmalıdır. Təəssüf ki, müəllimlərin sağlamlıq sığortası ilə təmin olunması məsələsi Azərbaycanda hələ də tam həllini tapmayıb,” – deyə Kamran Əsədov əlavə edir.
İşdən azad olunan müəllimlərlə bağlı diqqət çəkən bir məqam da onların əvəzinə yeni kadrların cəlb edilməsindəki çətinliklərdir. Azərbaycanın ucqar bölgələrində, xüsusilə dağlıq ərazilərdə müəllim çatışmazlığı problemi 2024-cü ildə də davam edib. Statistikaya əsasən, ucqar kənd məktəblərində təxminən 700 vakant müəllim yeri mövcuddur. Kamran Əsədov bildirir ki, “gənc müəllimlərin bu bölgələrə cəlb olunması üçün dövlətin stimullaşdırıcı mexanizmləri olmalıdır. Maaşların artırılması, yaşayış şəraitinin yaxşılaşdırılması bu sahədə müsbət nəticələr verə bilər.”
Kamran Əsədov həmçinin işdən azad olunan müəllimlərin bir qrupunun iş qaydalarına uyğun olmayan davranışları səbəbindən azad edildiyini bildirir. “Bu halların qarşısını almaq üçün müəllimlərin etik davranışlarına dair təlimlərin artırılması vacibdir. Əxlaq qaydalarına zidd hərəkət edən müəllimlərin olması təhsil sisteminə inamı zədələyir,” – deyə o qeyd edir.
Dünya təcrübəsinə nəzər saldıqda, inkişaf etmiş ölkələrdə müəllimlərin işdən çıxarılması halları ilə yanaşı, onların professional inkişafına xüsusi diqqət yetirildiyini görürük. Kamran Əsədov sitat gətirir ki, “Məsələn, Finlandiyada müəllimlərin sertifikatlaşdırma prosesi hər 5 ildən bir keçirilir və bu proses zamanı müəllimlərə təlimlər və əlavə dəstək verilir. Azərbaycanda isə sertifikatlaşdırma çox vaxt müəllimlər üçün əlavə bir yük kimi qəbul edilir.”
Ekspert əlavə edir ki, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması bu sahədə kadr itkisini azaltmaq üçün əsas amildir. “Hazırda Azərbaycan müəllimlərinin orta aylıq maaşı təxminən 500-600 manatdır. Bu rəqəm qonşu ölkələrlə müqayisədə çox aşağıdır. Məsələn, Gürcüstanda müəllimlərin maaşı 800 manatdan başlayır, Türkiyədə isə 1500 manatı keçə bilər. Maaş artımı müəllimlərin işlərinə daha həvəslə yanaşmasına səbəb ola bilər,” – deyə Kamran Əsədov vurğulayır.
2024-cü ilin ən mühüm problemlərindən biri də müəllimlərin mənəvi yükünün artmasıdır. Kamran Əsədov qeyd edir ki, “müəllimlərin yalnız dərs keçməklə kifayətlənməsi mümkün deyil. Onlar həm də şagirdlərin mənəvi tərbiyəsinə, cəmiyyətin inkişafına töhfə verməyə çalışırlar. Amma bu rol onların şəxsi həyatına və sağlamlıqlarına mənfi təsir göstərir.”
Təhsil eksperti Kamran Əsədov sonda qeyd edir ki, müəllimlərə dəstək yalnız maddi yardımla məhdudlaşmamalıdır. “Müəllimlərin mənəvi dəstəklə təmin olunması, onların ictimai nüfuzunun artırılması və sağlamlıq sığortası kimi məsələlərin həlli təhsil sisteminin dayanıqlı inkişafı üçün vacibdir. Müəllimlər cəmiyyətin əsas sütunlarından biridir və onların rifahını təmin etmədən güclü təhsil sistemi qurmaq mümkün deyil,” – deyə ekspert fikrini yekunlaşdırır.
Bəhman Hüseynli