Logo

Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi elmi sessiya ilə qeyd olunub

28.12.2024 16:48 97 baxış
IMG

Dekabrın 28-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin anadan olmasının 100 illiyinə həsr edilən elmi sessiya keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, açılış nitqində AMEA Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli elmi sessiyanın Prezident İlham Əliyevin “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 9 sentyabr 2024-cü il tarixli Sərəncamına əsasən keçirildiyini diqqətə çatdırıb. Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzrinin həyat yolundan və zəngin yaradıcılığından danışan akademik Teymur Kərimli şairin gənc yaşlarından ədəbiyyata gəldiyini, “Günəş” adlı ilk ciddi şeirini 16 yaşında qələmə aldığını söyləyib. Qeyd edib ki, Nəbi Xəzrinin şeirləri gənc istedadların böyük himayəçisi olan Səməd Vurğunun diqqətindən yayınmayıb, gənc şair onun təkidi ilə 20 yaşında ikən ölkədə böyük nüfuza malik Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib.

Akademik Teymur Kərimli Xalq şairi Nəbi Xəzrinin həm də tanınmış ictimai xadim olduğunu, ömrünün son illərində dramaturgiyaya daha çox meyil etdiyini vurğulayıb. O, ədibin lirikasının yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində milyonlarla insanın məhəbbətini qazandığını bildirib.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor Asif Rüstəmli “Şairin ömür yolu” adlı məruzəsini təqdim edib. Nəbi Xəzrinin zəngin ədəbi irsi barədə məlumat verən məruzəçi onu həssas, milli ruhlu ziyalı, XX əsr Azərbaycan poeziyasının nadir görkəmli sənətkarlarından biri kimi xarakterizə edib.

Diqqətə çatdırılıb ki, Nəbi Xəzri 1924-cü ilin dekabrında Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlayan şair 1943-1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1945-ci ildə Yazıçılar İttifaqına üzv qəbul olunan Nəbi Xəzrinin "Çiçəklənən arzular" adlı ilk şeirlər kitabı 1950-ci ildə işıq üzü görüb. Məruzəçi 83 il ömür sürmüş Xalq şairi Nəbi Xəzrinin müxtəlif vəzifələrdə çalışdığını, bir sıra mükafatlara və fəxri adlara layiq görüldüyünü vurğulayıb.

Tədbirdə “Dəniz, göy, məhəbbət şairi” mövzusunda məruzəsini təqdim edən Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli bildirib ki, Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərib. Şair dərin məna çalarları ilə zövq oxşayan, insan ürəyini riqqətə gətirən sətirləri, ölməz poetik inciləri ilə məktəb yaratmış görkəmli qələm sahiblərindəndir. O, ömrünün sonunadək böyük həvəs və coşqu ilə yazıb yaratmışdır.

Məruzəçi qeyd edib ki, Nəbi Xəzrinin yaradıcılığında təbiət - dəniz, səma, hava, Günəş, külək, ləpələr, işıq insan hissləri ilə üzvi vəhdətdə verilir. O, bu anlayışlardan insanların, ümumilikdə cəmiyyətin obrazını yaratmaq üçün vasitə kimi istifadə edir. Şairin lirikası ideologiyadan uzaq, saf, təmiz, anlaşılan, rahat başa düşülən lirikadır.

Elmi sessiyada, həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Əflatun Baxşəliyev “Nəbi Xəzrinin poemalarında sosial gerçəklik” və filologiya üzrə fəlsəfə doktoru Şahanə Əliyeva “Şairin dramaturgiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə bildirilib ki, Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm edib və daim ülvi ideallarla yaşamağa çağırıb.

Tədbirdə Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri filologiya elmləri doktoru Gülər Abdullabəyli və Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı şairin yaradıcılığına nəzər salıb, onun əsərlərinin bəşəri dəyərlərə xidmət etdiyini vurğulayıblar.

Sonda şairin ailəsi adından oğlu Arzu Babayev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib. O, Nəbi Xəzrinin zəngin ədəbi irsinin bu gün də dilimizin, mədəniyyətimizin, mənəviyyatımızın inkişafına xidmət etdiyini vurğulayıb.

 

Xəbər lenti