Logo

Bu il dərc edilmiş məqalələrin sayı 52 olub

28.12.2024 16:53 91 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının cari il üzrə sonuncu iclası keçirilib.

Bu barədə institutdan TƏHSİL.BİZ-ə bildirilib.

Gündəlikdə duran məsələlər haqqında məlumat verən institutun icraçı direktoru professor Əfsun Sucayev vurğulayıb ki, artıq ənənəvi olaraq bu hesabat ilində də laboratoriya və elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsi aparılıb: “Artıq 6 ildir həyata keçirilən bu qiymətləndirmə istər laboratoriyaların, istərsə də işçilərin arasında sağlam rəqabət yaratdığı üçün bu proses ümumilikdə institutun elmi fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin artmasına səbəb olub. Bunun nəticəsidir ki, bu il çap olunmuş məqalələrin sayı 52 olub. Onlardan 36-sı xarici, 15-i respublika jurnallarının payına düşür. Ən əsası “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxil olan jurnallarda dərc edilən məqalələrin sayı artıb.

Ə.Sucayev bildirib ki, institutun H-indeksi “Web of Science” üzrə 24, “Scopus” üzrə 23, “Google Scholar” üzrə 30-a yüksəlib. İnstitutun H-indeksi 2023-cü il üzrə 18 olub. Onun sözlərinə görə, H-indeksi göstəricilərinə (“Google Scholar” və “Scopus” H-indeksləri) əsaslanaraq Azərbaycanda elmi məhsuldarlığın liderləri, eyni zamanda, 1000 araşdırıcı arasında Aşqarlar Kimyası İnstitutunun 11 aliminin adı reytinq siyahısına daxil edilib.

İclasda institutun 2025-ci il üçün elmi-tədqiqat işləri planı müzakirə edilərək təsdiqlənib. Həmçinin Fizioloji fəal üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçisi Nəzər Nəzərovun “Molekulda tiokarbamid fraqmenti saxlayan heterotsiklik birləşmələr” monoqrafiyasının çapa tövsiyə edilməsi haqqında qərar qəbul olunub.

 

Xəbər lenti