Logo

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22.10.2024 14:54 40 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan TƏHSİL.BİZ - ə bildirilib ki, seminarda baş elmi işçi dosent Fərqanə Abdullayevanın “Bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün metodoloji əsasların və kiberhücumlara qarşı kiberdayanıqlığının artırılması üçün maşın təlimi və dərin təlim əsaslı süni intellekt üsullarının işlənməsidir.

F.Abdullayeva tədqiqat işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını diqqətə çatdırıb: “Tədqiqat işi çərçivəsində bulud sistemlərinin kibertəhlükəsizliyinin və kiberdayanıqlılığının müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilib. Sistemin kibertəhlükəsizliyi və kiberdayanıqlılığı arxitekturalarının konseptual əsasları işlənib, yük balanslaşdırılması üçün planlaşdırma modelləri, inam modellərinin qurulması, anomaliyaların və kiberhücumların aşkarlanması, eləcə də kiberdayanıqlılığının təmin edilməsi üçün server imtinalarının aşkarlanması üsulları araşdırılıb”.

Qeyd edək ki, bu mövzu dosent Fərqanə Abdullayevanın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işidir. Dissertasiya işinin elmi məsləhətçisi AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevdir.

Seminarda çıxış edən akademik Rasim Əliquliyev doktorluq işi çərçivəsində aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Mövzunun aktuallığını önə çəkən alim bulud texnologiyalarının öz əhəmiyyətinə görə yaşıl rəqəmsal texnologiyaların əsasını təşkil etdiyini qeyd edib. Bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin olunmasında yaşıl və rəqəmsal transformasiyaların əhəmiyyətindən danışan akademik bu istiqamətdə tədqiqatların aparılmasına dair təklif və tövsiyələrini səsləndirib. Həmçinin bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq təcrübə və standartların dərindən araşdırılmasının vacibliyini vurğulayıb.

Məruzə ilə bağlı geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Xəbər lenti