Elm və Təhsil Nazirliyinin dəstəyi ilə İctimai Televiziyada ailəvi komediya və fantastika janrında “Mən, Lalə, bir də Şerlok Holms” adlı serial çəkilib.
TƏHSİL.BİZ xəbər verir ki, serial yay tətilini baba və nənəsinin yanında keçirən 7-ci sinif şagirdi Muradın nağılvari macəralarından bəhs edir. 12 bölümlük ekran işinin ssenaristləri Tural Sevdimalı və Vüqar Hüseynov, quruluşçu rejissoru Rüfət Şahbazov, baş prodüseri isə Amiran Babayevdir.
Serial biliklərin insan həyatında xilasedici rolundan bəhs edir, qohumcanlığa, dostpərvərliyə səsləyir. Hər kəsin şirin xatirələrində olan uşaqlıq illəri və macəra arzusunu canlandırır. Murad kənddə həmyaşıdı olan Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qadjetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirməyə çalışır.
Serialın ilk bölümü 22 dekabr saat 11:05-də İctimai Televiziyanın efirində yayımlanacaq.