Logo

AMEA Rəyasət Heyətinin iclası keçirilib

23.01.2025 12:01 55 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, iclasdan əvvəl AMEA-nın Humanitar Elmlər Bölməsinin, Naxçıvan Bölməsinin, Mərkəzi Elmi Kitabxanasının və “Elm” nəşriyyatının 2024-cü il üzrə əldə etdiyi nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.

İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, hesabat ilində Humanitar Elmlər Bölməsi, Naxçıvan Bölməsi, Mərkəzi Elmi Kitabxana və “Elm” nəşriyyatının 300-dən çox qiymətli, ensiklopedik nəşrləri, lüğətləri, fundamental əsərləri ərsəyə gətirilib. Bunların sırasında Qarabağın ədəbi-mədəni mühiti, folkloru, memarlıq abidələri və “Böyük Qayıdış”a dair fundamental əsərlər xüsusi yer tutur.

Akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin 950 illiyi ilə əlaqədar Xalid Səid Xocayevin tərcüməsi əsasında AMEA-nın Dilçilik İnstitutu tərəfindən çap olunmuş lüğətin yeni nəşrinin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin Akademiyanın 80 illik tarixində nadir hadisələrdən biri olduğunu deyib.

Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətinə toxunan akademik İsa Həbibbəyli bölmənin müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndiyini, elektron hərəkatın geniş vüsət aldığını diqqətə çatdırıb. Bildirib ki, Humanitar Elmlər Bölməsinin fəaliyyəti ümumilikdə müstəqil dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik kimi milli ideyaları əhatə edir və bu ideoloji istiqamətində bölmənin əməkdaşları yorulmadan çalışırlar.

Həmçinin bölmə əməkdaşlarının dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək yorulmaz fəaliyyət göstərdiklərini, görkəmli ədibə həsr olunmuş 10-dan çox kitabın ərsəyə gətirildiyini, X Bakı Beynəlxalq Kitab Sərgisində ictimaiyyətə təqdim edildiyini vurğulayıb.

Elmi nəşrlərə də toxunan akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Türkiyənin Dərgi Park elektron baza reyestrinə daxil edildiyini, hazırda bu siyahının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini söyləyib. Bundan əlavə, Akademiyada işıq üzü görən 31 jurnalın elektron bazasının yaradılması istiqamətində AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin tədbirlər gördüyünü bildirib. Qeyd edib ki, jurnalların elektron resurslarının zənginləşdirilməsi gələcəkdə həmin nəşrlərin beynəlxalq bazalarda xülasələndirilməsinə meydan açacaq.

Naxçıvan Bölməsinin də fəaliyyətinə toxunan AMEA rəhbəri bölmə əməkdaşlarının Akademiya üzrə adambaşına düşən məqalə sayına görə ilk sırada qərarlaşdığını söyləyib.

Mərkəzi Elmi Kitabxanada həyata keçirilən islahatların isə qurumun elmi-təşkilati fəaliyyətində müsbət irəliləyişlərlə müşahidə olunduğunu, qısa vaxtda elektron kitabxana istiqamətində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.

İclasda Humanitar Elmlər Bölməsi, Naxçıvan Bölməsi, Mərkəzi Elmi Kitabxana və “Elm” nəşriyyatının illik hesabatları dinlənilib. İclasda, həmçinin Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı da təsdiqlənib.

Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələlərdən biri də AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında olub.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Humanitar Elmlər Bölməsinin, Naxçıvan Bölməsinin, Mərkəzi Elmi Kitabxananın və “Elm” nəşriyyatının 2024-cü il üzrə fəaliyyətini yüksək qiymətləndirib, onların qarşısında duran vəzifələri diqqətə çatdırıb və müvafiq tapşırıqlarını verib.

 

Xəbər lenti