Logo

“Elm” nəşriyyatı 2024-cü ildəki fəaliyyətinə dair hesabat verib

23.01.2025 13:09 44 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin iclasında “Elm” nəşriyyatının 2024-cü ilə dair hesabatı dinlənilib.

TƏHSİL.BİZ  xəbər verir ki, hesabatı “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov təqdim edib. Qeyd edilib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Elm” nəşriyyatında “Azərbaycanın bitki örtüyü” monoqrafiyası, “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstərici, “Qlobal ekoloji problemlər” adlı kitab, “Heydər Əliyev və müasir biologiya elminin inkişafı: nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın materialları və s. nəşr olunub.

Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar isə “Böyük Azərbaycan şairi Füzuli”, “Füzuli sənətkarlığı”, “Füzulinin ərəbcə poetik irsi” monoqrafiyaları, o cümlədən “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransın tezisləri işıq üzü görüb. Bundan əlavə, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından Azərbaycan elminin inkişafında böyük xidmətləri olan AMEA-nın həqiqi və müxbir üzvlərinin biblioqrafik göstəriciləri çap olunub.

Çoxcildlik əsərlərdən isə “Qərbi Azərbaycan folkloru. III cild”, “Cəmiyyətin sosial və mənəvi həyatındakı islahatların fəlsəfəsi. XV-XVI cild” kitabları işıq üzü görüb.

Eyni zamanda, “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə”, “Qasım Qasımzadənin yaradıcılıq yolu”, “Nəzəri-tənqidi fikrin poetikası”, “Mir Möhsün Nəvvab”, “Tarix danışan binalar” monoqrafiyaları, “Kitabi Dədə-Qorqud. Drezden, Vatikan və Günbəd nüsxələri”, “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı” və s. nəşrlər hesabat ilində “Elm” nəşriyyatında çap olunub.

Səbuhi Qəhrəmanov “Elm” nəşriyyatının hesabat dövründə Bakıda keçirilən III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında, eləcə də X Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunduğunu, müəssisə əməkdaşlarının il ərzində bir sıra tədbirlərdə təltif edildiklərini söyləyib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm” nəşriyyatının 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra tapşırıqlarını verib.

Daha sonra “Elm” nəşriyyatının 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.

 

Xəbər lenti