Logo

GDU-da payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib

23.01.2025 14:26 52 baxış
IMG

Gəncə Dövlət Universitetində (GDU) 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib.

Universitetdən TƏHSİL.BİZ -in bölgə müxbirinə verilən məlumata görə, Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, Elm və innovasiyalar üzrə prorektor, deputat Pərvin Kərimzadə mediatur iştirakçıları ilə birgə universitetin auditoriyalarında imtahanların gedişini yaxından izləyiblər. Mediaturda imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb.

Mediaturda KİV nümayəndələri və tələbə valideynləri iştirak ediblər.

Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə imtahan qərargahı, apelyasiya komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.

Mediatur iştirakçıları ayrı-ayrı auditoriyalarda imtahanlara ictimai baxış keçiriblər. Bununla yanaşı, imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.

Sonda müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.

Qeyd edək ki, payız semestrinin imtahan sessiyası yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçirilməsi nəzərdə tutulur. İmtahan sessiyası yanvarın 31-də yekunlaşacaq.

 

Xəbər lenti