Azərbaycan Dillər Universiteti (ADU) ilə Serbiyanın Dövlət Novi Pazar Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, memorandumun əsas məqsədi iki elm müəssisəsi arasında əlaqələr yaratmaqla Azərbaycan və Serbiya arasında təhsil sahəsində əməkdaşlığa töhfə verir. Memorandumda təhsil ocaqları arasında tələbə və müəllim mübadiləsi, birgə araşdırmaların aparılması, kitab və dərsliklərin nəşri, akademik və elmi sahələrdə qarşılıqlı dəstəyin göstərilməsi nəzərdə tutulub.
Bildirilib ki, bu, Azərbaycan Dillər Universitetinin Serbiyada ikinci ali təhsil ocağı ilə imzaladığı anlaşma memorandumudur. Bundan əvvəl, 2018-ci ildə Azərbaycan Dillər Universiteti ilə Serbiyanın Belqrad Universiteti arasında da oxşar memorandum imzalanıb. Həmin memoranduma əsasən güzgü effekti ilə Belqrad Universitetinin Filologiya fakültəsində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Azərbaycan Dillər Universitetində isə Serb Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir.
Bundan əlavə, Serbiya hökumətinin (Təhsil Nazirliyi) qrant layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin 5 tələbəsi Serbiyada təhsilini davam etdirir.
Qurulan bu əməkdaşlıq hər iki universitetin beynəlxalq əlaqələrinin inkişafına, onlar arasında təcrübə mübadiləsinin güclənməsinə və elm və təhsil sahəsində yaranacaq yeni perspektivlərdən yararlanmalarına imkan verəcək.