Logo

PMS imtahanının II mərhələsində 1088 nəfər uğur qazanıb

23.01.2025 17:15 47 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 21-də keçirilən peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsinin (qanunvericilik üzrә) nəticələri elan olub.

DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, imtahan iştirakçıları mərkəzin internet saytında nəticələr ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda 1972 nəfər iştirak edib. İmtahan nəticələrinə əsasən 1088 nəfər uğur əldə edib.

Qeyd edək ki, imtahanda namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. Onlardan 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 15-i 2 balla, açıq tipli tapşırıqların hər biri 10 balla qiymətləndirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər yanvarın 24-ü saat 10:00-dan yanvarın 28-i saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Müvəffəqiyyət şərtləri:

I. Aşağıdakı sertifikat növlərini əldə etmək üçün imtahanın birinci və ikinci mərhələsindən ayrı-ayrılıqda 50 və ya daha çox bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı.

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – II səviyyə peşəkar mühasib sertifikatı.

II. İmtahanın birinci mərhələsindən 35-dən 50-dək və imtahanın ikinci mərhələsindən 35 və ya daha çox bal toplamış namizədlər və imtahanın birinci mərhələsindən 35 və ya daha çox və imtahanın ikinci mərhələsindən 35-dən 50-dək bal toplamış namizədlər İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı əldə etmək üçün imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər.

İmtahanlarda sertifikat əldə etmiş namizədlərin nəzərinə çatdırırıq ki, müvafiq sertifikatlar hazır olandan sonra onlara bu barədə məlumat veriləcək.

Xəbər lenti