Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Ulu Öndərin ölməz xatirəsinə hörmət və minnətdarlıq hissinin ifadəsi olaraq təşkil edilib.
AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor Gülçöhrə Məmmədova çıxışında Ulu Öndər Heydər Əliyevin fenomenal liderliyi, Azərbaycanın istiqlaliyyətinin qorunması və inkişafı üçün tarixi əhəmiyyətli addımlarından bəhs edib. Rektor, həmçinin Heydər Əliyevin təhsil sahəsinə olan diqqəti və bu sahəyə yönəlik uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.
Azərbaycan Memarlar İttifaqının sədri və AzMİU-nun kafedra müdiri professor Elbay Qasımzadə, İnşaat konstruksiyaları kafedrasının müəllimi Masil Dəmirov çıxış edərək Ulu Öndərin memarlıq sahəsinə olan qayğısından danışıblar.
Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan mədəni irsi” adlı sənədli film nümayış olunub. Film izləyicilərə Ulu Öndərin tarixi şəxsiyyəti, mədəni irsimizin qorunması və inkişafı üçün dəyərli addımlarını bir daha xatırladıb.