Bəzi ixtisaslar var ki, abituriyentlər seçim zamanı onlara üstünlük vermir. Qısacası, hamı demək olar ki, eyni ixtisasları seçir. Səbəb tələbələrin tələbat olmayan ixtisaslarla gələcəkdə iş tapmaqda problemlərlə üzləşmə qorxusudur. Lakin seçim zamanı üstünlük təşkil edən ixtisasları bitirən kadrların sayının çox olması da iş tapmağı qəlizləşdirir. Çünki kütləvi olaraq eyni ixtisası bitirənlər, eyni işi axtarırlar. Bu da iş tapmaqda ciddi problemə çevrilir. Digər məsələ isə abituriyentlərdə bəzi ixtisaslarla bağlı məlumat qıtlığının olmasıdır.
TƏHSİL.BİZ mövzu ilə açıqlamanı Publika.az-a istinadən təqdim edir.
Təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, bu gün gənclər ixtisas seçimində çətinlik çəkir, yiyələndikləri peşələr üzrə iş tapmaqda problemlərlə üzləşirlər:
“Yaşlı və orta nəslin nümayəndələri də xatırladığı kimi, sovet dönəmində orta məktəblərdə təlim-tərbiyə işləri ilə yanaşı geniş peşəyönümlü iş aparılırdı. Həmçinin şagirdləri ayrı-ayrı peşələrə istiqamətləndirmək üçün nəzəri və praktiki tədbirlər həyata keçirilirdi. Yəni, müəllim olmaq istəyənlər sənədlərini Pedaqoji İnstitut adlanan ali təhsil müəssisəsinə, həkimliyi arzulayanlar Tibb İnstitutuna, mühəndisliyi seçənlər "Politexnik” deyilən texniki instituta, aqronom, zootexnik olmaq fikrinə düşənlər isə Kənd Təsərrüfatı İnstitutuna verirdilər. O vaxtlar indiki BDU (Bakı Dövlət Universiteti) istisna olmaqla, digər ali təhsil müəssisələri institut adlanırdı”.
İşsiz diplomçular ordusu
“İndi beynəlxalq təhsil sisteminə inteqrasiya etməklə, əlavə təhsil proqramları həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq və çox spektrli sahələrlə məşğul olmaq kimi səlahiyyətlər verməklə institutları birbaşa funksiyalarından – konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlamaq vəzifəsindən yayındıraraq, hamısına ucdantutma universitet statusu verilib. Abituriyentlərə bir neçə ixtisas və ali məktəb seçmək hüququ verməklə, həkim olmaq istəyən bioloqa, hüquqşünas olmaq istəyən tarixçiyə, tarixçi olmaq istəyən isə kitabxanaçıya çevirilib”, - deyə bildirən təhsil ekspertinin sözlərinə görə, nəticədə çarəsizlikdən işsiz diplomçular ordusu yaranıb:
“Heç təsadüfi deyil ki, ali təhsil müəssisələrinə qəbul sistemində problemlər olduğunu nazir Emin Əmrullayev də dilə gətirib: "Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur".
Gənclərin "şəhərli olmaq" istəyi
Nadir İsrafilovun fikrincə, bu gün tələbənin ixtisas seçimini maraqlandığı peşə yox, topladığı keçid balı müəyyən edir:
“Halbuki, toplanılmış bal, hələ yüksək nəticə və peşəyə maraq nümayişi göstəricisi deyil. İstənilən valideyn övladının gələcəyini düşünür, onun yaşıdlarından geri qalmamasını, müəyyən bir mənsəb sahibi olmasını arzulayır. Digər bir məsələ rayon və kəndlərdə yaşayan abituriyentlərin bəzilərinin Bakıya köçmək və yeni həyata başlamaq üçün tələbə adını qazanmağa can atması, bəzilərinin isə “təki harasa qəbul olum və tələbə bileti alım” deyə seçim etməsidir. Belə düşüncədə olan gənclərin əsas amalı ali təhsil almaq, uğurlu karyera qurmaqdan daha çox "şəhərli olmaq" istəyidir”.
“Tələbələr bakalavriat müddətində transfer istəyirlər”
Ekspert qeyd edib ki, universitetə qəbul olmaq nə qədər arzuolunandırsa, düzgün ixtisas seçimi də bir o qədər vacibdir:
“I kursda oxuyan tələbə daha sonra fikrini dəyişib, başqa universitetə transfer olunmaq barədə düşünür. Çünki düzgün ixtisas seçimi abituriyentin həyatında və gələcək karyerasının formalaşmasında ən zəruri amillərdən biri hesab olunur. Onun bugünkü seçimi sabahkı həyatına təsirsiz ötüşməyəcək. Bir çox abituriyent ixtisas seçiminə səthi yanaşır və topladığı bal hara uyğundursa, heç fikirləşmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən seçim edirlər. Universitetlərdə təhsil alanların çoxu ixtisas seçərək qəbul olsalar da, məcburiyyət qarşısında qalaraq, ya təhsillərini davam etdirir, ya da digər alternativ yollar axtarırlar. Bir çox hallarda bəzi valideynlər övladının seçiminə etiraz edirlər və “sən məhz bu ixtisası seçməlisən” deyə təzyiq göstərirlər. Bunun nəticəsində isə abituriyent sevmədiyi ixtisasa qəbul olur və sevmədiyi peşəyə yiyələnir”.
“Seçimi abituriyent özü etməlidir”
Nadir İsrafilov hesab edir ki, ən etibarlı və güvənli seçim məzunun öz seçimidir:
“Növbəti ilə qalsa belə, necə deyərlər gec olsun, güc olmasın. Bununla belə ixtisas seçimində yenə də problemli məqamlar qalmaqdadır. DİM (Dövlət İmtahan Mərkəzi) sədri də abituriyentlərə müraciət edib. Belə ki, ixtisas seçimi, elektron qeydiyyatı kiməsə həvalə etmək doğru deyil, deyə xəbərdarlıq edib. Bu sahədə olan bütün boşluqlara və çatışmazlıqlara baxmayaraq, abituriyentlərin ixtisas seçimində valideynlərlə yanaşı ekspertlər də az günahkar deyil.
Dövlət İmtahan Mərkəzindən də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də bu kimi hallar geniş vüsət almaqdadır. Halbuki, DİM-in müraciətinə əsasən abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abituriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır”.
İxtisaslar əvəzlənir
Ekspert əlavə edib ki, yeni standartlar, təlim proqramları, sertifikatlaşdırma tələbləri və s. tətbiq edilir. O bildirib ki, universitetlərdə tədris olunan yeni ixtisaslar da bu dəyişikliklərdən kənarda qalmır:
“Hesab edilir ki, əgər əvvəllər daha çox hüquqşünaslara, mühasiblərə və s. ehtiyac var idisə, indi bazarda vəziyyət dəyişib. Bəzi peşələr robototexnika ilə əvəz edilir, onların inkişafı və tətbiqi üçün də təlim keçmiş kadrlar tələb olunur. Hər il yeni ixtisaslar, əmək fəaliyyəti növləri və müvafiq iş yerləri yaranır. Robot texnikası və həyat elmlərində sürətli inkişaf var. Bir sözlə, artıq ali təhsil ənənə və fundamental biliklərlə yanaşı, əmək bazarının ehtiyaclarına meyl edir”.
“Tələbələrə seçimi müstəqil aparmaq hüququ verilməlidir”
Nadir İsrafilov qeyd edib ki, qəbul qaydaları, ali təhsil müəssisələrinin akademik muxtariyyəti və digər vacib sahələrində hələ də həllini gözləyən xeyli problemlər var:
“ADA Universitetinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verildiyi kimi, bu hüququn digər universitetlərə də şamil edilməsi yolu ilə vəziyyəti nisbətən sabitləşdirmək olar. Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama əsasən, təhsil müəssisəsinə tələbə seçimini müstəqil aparmaq hüququ verilib. Bu kimi demokratik addımların davam etdirilməsi, bu sahədə müəyyən irəliləyişlərə gətirib çıxara bilər.
Hələ ki, ixtisas seçimini əmək bazarı müəyyən edir. Tələb-təklif prinsipi mexanizminin işlək vəziyyətdə olmaması isə ali təhsilli işsizlər ordusunun yaranmasını qaçılmaz edir”.