“Çətin əlçatan ərazilərdə, heç vaxt məktəbəqədər təhsil müəssisəsi olmayan yerlərdə məktəbəqədər təhsilin təşkilini təmin edən bir model yaradılıb. Bu model ənənəvi modellərlə müqayisədə 10 dəfə daha ucuz başa gəlir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ənənəvi model əsasında bir uşağa çəkilən təhsil xərci ilə 10 uşağı məktəbəqədər təhsilə cəlb etmək olar.
Nazirin sözlərinə görə, indiyə qədər 20 minə yaxın Azərbaycan vətəndaşının bu modeldən faydalanması və hər il təxminən 20 min uşağın bu model vasitəsilə təhsilə cəlb olunması sevindirici haldır: “Bu uşaqlar, əsasən, 4-5, bəzən isə 3-4 yaş arasındadır. Gələcəkdə onların daha yüksək təhsil nəticələrinə nail olacağına, bunu xüsusilə 15 yaşlarında verəcəkləri imtahanın nəticələrində görəcəyimizə ümid edirik. Lakin bu nəticələri dərhal qiymətləndirmək mümkün deyil, çünki uşaqlar müəyyən yaşa çatdıqdan sonra imtahan verə bilərlər”.
Nazirin sözlərinə görə, bu modelin tətbiqi ilə bağlı bəzi çətinliklər də mövcuddur: “Məsələn, biz artıq 20 min uşağın məktəbəqədər təhsili üçün yerlər yaratmışıq, amma xüsusilə kənd yerlərində bu prosesi genişləndirmək çətindir. Bakıda və ətraf ərazilərdə (Xəzər, Abşeron, Masazır, Ceyranbatan və s.) əhali sıxlığı daha yüksəkdir, buna görə həmin bölgələrdə yeni yerlər təşkil etmək daha çətin olur. Əhalinin qeyri-proporsional yerləşməsi müəyyən problemlər yaradır və hər yerdə bu modeli tətbiq etmək çətinləşir. Bu problemlərin həlli üçün yeni yanaşmalar tətbiq etmək lazımdır. Məsələn, əhali sıxlığı daha yüksək olan ərazilərdə dövlət-özəl tərəfdaşlığı modeli tətbiq etmək məqsədəuyğun ola bilər".