“Ötən il 50, cari ildə isə 100 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb".
TƏHSİL.BİZ xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, erkən yaş dövrünün ilk 3 ili ən önəmli dövrdür. Bu dövrdə görülən tədbirlər uşaqların beyninin inkişafına əhəmiyyətli təsir göstərir:
“Bu da öz növbəsində uşaqların növbəti təhsil pillələrində daha uğurlu olmalarına təsir edir. Məktəbəqədər təhsilə 1-5 yaşlı uşaqlar cəlb edilir”.
T.Əhmədov əlavə edib ki, keyfiyyətli təhsilin verilməsi üçün qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış məktəbəqədər təhsil proqramının tətbiqi, məktəbəqədər təhsildə kadr potensialının yaxşılaşdırılması və ixtisasartırmaya cəlb olunan pedaqoji heyətin artırılması vacibdir:
“Məktəbəqədər təhsilin keyfiyyət təminatı sisteminin yaradılması və xarici keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi çərçivəsində məktəbəqədər təhsil müəssisələrində aparılan monitorinqlər üçün müsabiqə əsasında uyğun namizədlər seçilib, onların bilik və bacarıqlarını artırmaq məqsədilə müvafiq təlimlər keçirilib. Müsabiqə və təlimləri uğurla keçmiş namizədlər monitorinqlərə cəlb olunub”.
T.Əhmədov əlavə edib ki, bu prosesdə qiymətləndirmə çərçivə sənədindən əlavə, valideynlər arasında keçirilən sorğular üçün vərəqlər, qruplarda müşahidə formaları, uşaq sağlamlığı və təhlükəsizlik üzrə infrastruktur vəziyyətinin qiymətləndirilməsi üçün yoxlama vərəqləri, bağça heyətinin uşaqlarla ünsiyyət keyfiyyətinin qiymətləndirilməsi formaları, tədris prosesinin və bağça təsərrüfatının idarə edilməsinin qiymətləndirilməsi formaları hazırlanıb.