“Bu il 8 fənnin kurikulumunın təkmilləşdirməsi prosesini apardıq. Bütün kurikulumların istifadə yönümlü olması diqqət edilən əsas məqamlardan biridir”.
Bunu Təhsil İnstitutunun Təbiət və texniki fənlərin proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov TƏHSİL.BİZ -ə açıqlamasında qeyd edib.
O, yenilənən tədris proqramları haqda danışaraq bildirib ki, həm müəllimlər, həm də dərslik müəllifləri üçün məzmunun aydın, konkret şəkildə izah edilməsinə önəm verilib:
“Çalışdıq ki, bu, sadəcə, bir rəsmi sənəd olmasın, müəllimlərin tədris zamanı rahat və faydalı şəkildə istifadə edəcəkləri bir vəsait olsun. Eyni zamanda, istədik ki, bütün fənlərin məzmununda müəyyən dərəcədə optimallaşdırma aparaq”.
M.Məhərrəmov əlavə edib ki, kimya, fizika, biologiya, təbiət və həyat bilgisi fənləri üzrə kurikulumların təkmilləşdirilməsi zamanı inteqrativlik də təmin edilib:
“Hesab edirik ki, 2025-ci ilin sonunda artıq məktəblərdə tədris olunan bütün fənlərin kurikulumlarını təkmilləşdirmək prosesini başa çatdıracayıq”.