AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, iclasda müəssisənin 2024-cü il ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib. Bildirilib ki, institutun saxlanclarında mühafizə olunan 2296 nüsxənin elektron versiyası yaradılıb, 48 əlyazma kitabı və 9000 vərəq arxiv materialı bərpa edilərək xəzinəyə qaytarılıb. Bundan əlavə, 38 yeni kitab, o cümlədən monoqrafiya nəşr etdirilib, ölkədə və xaricdə 136 elmi məqalə, 100-dən artıq konfrans materialı işıq üzü görüb, 1 elmlər doktoru, 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə edilib, aparıcı beynəlxalq əlyazma mərkəzləri, muzey və kitabxanalarla münasibət qurulub, bir neçəsi ilə əməkdaşlıq müqaviləsi imzalanıb. İnstitut əməkdaşları ölkədə və xaricdə təşkil olunan beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.
İclasın yekununda akademik Teymur Kərimli hesabata dair fikirlərini bildirib, institutun 2024-cü il ərzində fəaliyyətini yüksək qiymətləndirib və təkliflərini səsləndirib. Bütövlükdə hesabat Elmi şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub və yekdilliklə qəbul edilib.