Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Rumıniyanın Aleksandr İon Kuza adına Yassı Universitetinin professor-müəllim heyəti ilə görüş olub.
ATMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, görüşdə rektor İlham Mədətov ATMU ilə Rumıniya Universiteti arasında əməkdaşlığın önəmli olduğunu diqqətə çatdırıb.
Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru Zaur Bağırov, elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və strukturun mütəxəssisi İranə Axundova görüş əsnasında birgə elmi layihələrin həyata keçirilməsi, ortaq tədqiqat qruplarının yaradılması və elmi məqalələrin hazırlanmasının əhəmiyyətindən danışıblar.
Görüş çərçivəsində Turizm və qonaqpərvərlik və Biznes idarəçiliyi fakültələrinin tələbələri üçün infosessiya təşkil edilib. Yassı Universitetinin professorları bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil imkanları, beynəlxalq təcrübənin əhəmiyyəti və tədris proqramlarının oxşarlığı haqqında danışıblar.
Qonaqlar tələbələrin çoxsaylı suallarını cavablandırıblar.