Azərbaycan təhsil sisteminin inkişafı və beynəlxalq rəqabət qabiliyyətinin artırılması sahəsində görülən işlər ciddi və çoxşaxəlidir. Bu prosesdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin strategiyası və təşəbbüsləri xüsusi önəm daşıyır.
TƏHSİL.BİZ xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
Nazir müavini bildirib ki, Azərbaycan təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması və dünya miqyasında rəqabət qabiliyyətinin artırılması dövlətin prioritet istiqamətlərindən biridir: “Ali təhsil müəssisələrinə beynəlxalq əməkdaşlıqların qurulması və xarici tələbələrin cəlb olunmasında böyük məsuliyyət düşür. Beynəlxalq təhsil proqramları, xarici universitetlərlə müştərək layihələr və ikili diplom proqramları bu prosesin əsas hissəsidir. Dövlət və donor təşkilatlar tərəfindən təqdim olunan təhsil qrantları, istedadlı tələbələrin dəstəklənməsi və onların beynəlxalq təhsilə çıxış imkanlarının genişləndirilməsi üçün vacibdir”.