Logo

AzTU-da Beynəlxalq Elm və Texnologiya Konfransı keçirilir

18.10.2024 11:31 27 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) 15-ci Beynəlxalq Elm və Texnologiya Konfransı (ISTEC) öz işinə başlayıb. Sakarya Universiteti, Kocaeli Sağlamlıq və Texnologiya Universiteti, eləcə də Çankaya Universitetinin tərəfdaşlığı ilə keçirilən beynəlxalq konfrans elm dünyasının alimlərini bir araya toplayıb.

Bu barədə TƏHSİL.BİZ -ə AzTU-dan məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyev konfransa ev sahibliyi etməkdən məmnunluğunu bildirib. O, belə konfransların və əməkdaşlığın elmi-texniki sahələrin inkişafına mühüm töhfələr verdiyini,  gələcəkdə daha çox beynəlxalq əməkdaşlığa zəmin yaradacağını vurğulayıb.

Beynəlxalq konfransın gündəliyində mühəndislik, informasiya texnologiyaları, enerji sistemləri və süni intellekt kimi sahələrdə aparılan tədqiqatlar və innovativ həllər müzakirə olunub. Bundan əlavə, davamlı enerji, ağıllı şəhərlər və rəqəmsal transformasiya ilə bağlı təqdimatlar edilib. Konfrans həmçinin gənc tədqiqatçılara və tələbələrə layihələrini təqdim etmək, beynəlxalq səviyyədə alimlərlə qarşılıqlı əlaqə yaratmaq imkanı verib.

İki gün davam edəcək Beynəlxalq Elm və Texnologiya Konfransına 22 ölkədən məruzəçilər müraciət edib və 75 məqalə təsdiq olunub. Konfransda xüsusi dəvətli məruzəçi qismində iştirak edən Kocaeli Sağlamlıq və Texnologiya Universitetinin rektoru professor Müzəffər Elmas “Ali təhsildə keyfiyyətdə yeni inkişaflar”, Ohayo Universitetindən professor Teresa Franklin “Ali təhsildə K12 və süni intellektlə paradiqmaların dəyişməsi”, professor Con Hitchcock “Tədqiqatlarda süni intellektin istifadəsi”, professor Badrul H. Khan “Rəqəmsal dünyada ağıllı öyrənmə” kimi mövzularda təqdimatla çıxış ediblər.  

Xəbər lenti