Logo

Arxeologiya və Antropologiya İnstitutu ilə IIKAS arasında birgə layihələrin icrası barədə razılıq əldə olunub

27.12.2024 10:51 99 baxış
IMG

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun (IIKAS) direktoru Evren Rutbillə görüşüb.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Görüşdə Fərhad Quliyev diqqətə çatdırıb ki, rəhbərlik etdiyi institutun Mərkəzi Asiyanın və ümumilikdə Türk dünyasının elmi mərkəzləri, o cümlədən IICAS ilə əməkdaşlığının tarixi vardır. İnstitut əməkdaşları türk respublikalarında keçirilən elmi konfrans və simpoziumlarda, birgə arxeoloji tədqiqatlarda iştirak ediblər. Cari ilin sentyabr ayında Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARICA) birinci toplantısı Beynəlxalq Türk Akademiyası, Arxeologiya və Antropologiya İnstitutu və Türk Dövlətləri Birliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilib.

Qeyd olunub ki, IIKAS-ın keçmiş direktoru, hazırda Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayevlə birgə sürülmüş təşəbbüsə əsaslanaraq institut qarşıdakı illərdə müştərək tədqiqatları aparmağı planlaşdırır. Eyni zamanda, bir sıra türk respublikalarının arxeoloji tədqiqat mərkəzləri ilə əməkdaşlıq memorandumu imzalanıb. Bu kontekstdə Fərhad Quliyev belə bir təklif irəli sürüb ki, qarşıdakı illərdə Türk-İslam arxeologiyası istiqaməti üzrə IICAS ilə əməkdaşlıq gündəmə çıxarıla bilər.

Evren Rutbil Arxeologiya və Antropologiya İnstitutunun apardığı elmi-tədqiqat işlərinin müstəqil və türk respublikaların elmi dairələrində məlum olduğunu vurğulayıb.O, IICAS-ın türk respublikalarının elmi müəssisələri ilə birgə qrant layihələrini də maliyyələşdirdiyini bildirib, elmi müəssisə və şəxslərin IIKAS-a qrant layihəsi təqdim etməsinin mümkünlüyünü deyib. Eyni zamanda, IIKAS-ın arxeoloji texnologiya üzrə gənc alimlərin ixtisaslaşmasının təşkili istiqamətində də imkanlara sahib olduğu qeyd edilib.

Görüşdə yaxın gələcəkdə AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə IIKAS arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin icrası barədə yekdil razılıq əldə olunub.

Xəbər lenti