Logo

Qarabağ Universiteti və DAAB arasında əməkdaşlıq məsələləri müzakirə olunub

18.10.2024 15:41 69 baxış
IMG

Qarabağ Universiteti və Dünya Azərbaycanlı Alimlər Birliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) İdarə Heyəti üzvləri və Qarabağ Universitetinin rəhbər heyəti arasında görüş keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, DAAB-ın təşəbbüsü ilə onlayn formatda baş tutan görüş tədris, elmi-tədqiqat, eləcə də Qarabağ Universitetinin beynəlxalq səviyyədə tanınması və nüfuzunun gücləndirilməsi istiqamətlərində əməkdaşlıq imkanlarının müzakirəsi məqsədi daşıyıb.

Dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak etdiyi görüşdə DAAB İdarə Heyətinin sədri, professor Məsud Əfəndiyev və Qarabağ Universitetinin rektoru Şahin Bayramov giriş nitqi ilə çıxış ediblər.

M.Əfəndiyev DAAB-ın fəaliyyət istiqamətlərindən və xaricdəki azərbaycanlı alimlərlə birgə tədbirlərdən bəhs edərək, bu görüşlərin əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb. O, Qarabağ Universiteti ilə birgə fəaliyyətlərin elmi potensialın gücləndirilməsi və bölgənin inkişafına töhfə verəcəyini bildirib.

Ş.Bayramov isə dövlətin işğaldan azad olunmuş ərazilərdə ali təhsil müəssisələrinin yaradılmasına göstərdiyi diqqəti vurğulayıb və xaricdəki alimlərin Qarabağ Universitetinə olan marağından məmnunluğunu ifadə edib. O, DAAB ilə əməkdaşlığın universitetin strateji hədəflərinə çatmaqda rolunu yüksək qiymətləndirib.

Görüşdə alimlər birgə elmi-tədqiqatların aparılması, müasir laboratoriyaların qurulması və tələbə mübadilə proqramları kimi mövzularda təkliflər səsləndiriblər. 

Sonda birgə fəaliyyət planı hazırlamaq üçün işçi qrup formalaşdırılıb.

Xəbər lenti