“Bakı Slavyan Universitetində 154 əcnəbi tələbə təhsil alır, onlar əsasən Filologiya ("Rus dili və ədəbiyyatı"), "Rus dili və ədəbiyyatı" müəllimi", Filologiya ("İngilis dili və ədəbiyyatı"), “Beynəlxalq münasibətlər”, “İbtidai sinif müəllimliyi”, “Xarici dil müəllimliyi” (İngilis dili) ixtisaslarında təhsil alırlar.
Bu fikirləri TƏHSİL.BİZ -ə müsahibəsində Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev səsləndirib.
O bildirib ki, əcnəbi tələbələrlə bağlı fəaliyyət kifayət qədər genişlənməkdədir:
“Bu, yalnız ənənəvi olaraq bizə müraciət edən slavyan ölkələrinin və ya qonşu dövlətlər – Gürcüstan və Türkiyənin tələbələri ilə məhdudlaşmır. Artıq bizim coğrafi arealımız Cənubi Koreyaya qədər genişlənib. Son illərdə biz Çin və İsveçrədən də tələbələr qəbul etmişik. Bu proses bir neçə istiqamət üzrə formalaşır”.
O əlavə edib ki, birinci istiqamət əcnəbi tələbələrin birbaşa olaraq Bakı Slavyan Universitetinin müxtəlif təhsil proqramlarına və hazırlıq qruplarına müraciətləri əsasında qəbul olunmasıdır. İkinci istiqamət isə tərəfdaş universitetlərlə qarşılıqlı əməkdaşlıq müqavilələri çərçivəsində mübadilə proqramları əsasında həyata keçirilir.
“Məsələn, bizim tələbələr Qazaxıstana gedirlər, oradan isə tələbələr bizə gəlirlər. Bu kontekstdə biz daha çox Qazaxıstan, Özbəkistan və Rusiya universitetləri ilə geniş əlaqələr qurmuşuq. Bu xüsusda qeyd etməliyəm ki, hazırda Beynəlxalq Təhsil Proqramları Şöbəmiz “Beynəlxalq yay məktəbi”nin təşkil edilməsi üzərində ciddi şəkildə çalışır. Bu təşəbbüs tələbələrimizin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını genişləndirməyə xidmət edəcək”.