Logo

ADU-da Xalq artisti Mənsum İbrahimovla görüş olub

10.04.2025 14:30 124 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri Xalq artisti, professor Mənsum İbrahimovla görüş keçirilib. Tədbirdə “Qarabağ” muğam ansamblı iştirak edib.

Bu barədə TƏHSİL.BİZ -ə ADU-dan bildirilib. Rektor Kamal Abdulla çıxışında layihənin ADU ilə Azərbaycan Milli Konservatoriyası arasında mədəni körpü rolu oynayacağını bildirib. O, universitetin son illərdə QS reytinqlər cədvəlində böyük uğur qazandığını, universitetdə 20-dən çox xarici dilin tədris olunduğunu və həmin dillərə uyğun mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. Rektor, həmçinin Pakistan, Rusiya, Çin, Serbiya, Rumıniya, Macarıstan və Belarus kimi ölkələrdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərindən danışıb. Bildirib ki, bu mərkəzlər vasitəsilə Azərbaycan dili, mədəniyyəti, musiqisi və tarixi xarici tələbələrə tədris olunur.

Kamal Abdulla qeyd edib ki, universitet gələcəkdə həmin ölkələrdə ictimai və mədəniyyət xadimlərinin iştirakı ilə görüşlər təşkil etməyi planlaşdırır. O, həmçinin konsert proqramlarında mətnlərin tərcüməsinə dəstək göstərə biləcəklərini, xarici səfərlər zamanı Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Universitetin Qarabağ müharibəsi dövründə 20-dən çox ölkəyə Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərdiyini xatırladan rektor məzunlarla əlaqələrin davam etdiyini və Şəki, Qax, Qəbələ, Zaqatala, Balakən rayonlarında müəllim kimi çalışan məzunlarla keçirilən görüşləri də bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.

Xalq artisti Mənsum İbrahimov çıxışında layihədə ilk iştirakçısı olmaqdan məmnunluğunu ifadə edib. O, Milli Konservatoriya ilə ADU arasında bu əməkdaşlığın davamlı olacağına əminliyini bildirib və kafedra müdiri kimi Azərbaycanda keçiriləcək 9-cu Muğam Televiziya Müsabiqəsinin seçim mərhələlərinin artıq başlandığını qeyd edib. Mənsum İbrahimov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu layihəyə dəstəyini xüsusi vurğulayaraq, Qarabağda artıq güllə səslərinin deyil, muğamın səsləndiyini sevinclə bildirib.

Daha sonra konsert proqramı təqdim edilib.

Xəbər lenti