Logo

Akademiya prezidentinin kolleksiyası yeni nəşrlərlə zənginləşir

08.04.2025 16:42 174 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı (MEK) şəxsi kolleksiyasına yeni nəşrlər təqdim edib.

MEK-dən TƏHSİL.BİZ -ə bildirilib ki, akademiya rəhbəri tərəfindən bu ay MEK-ə təqdim edilən 22 jurnal və 380 kitab olmaqla, ümumilikdə 402 ədəd dəyərli nəşr Azərbaycan, türk, türkmən, rus, ingilis, gürcü, ərəb və fars dillərindədir. Bununla da “Akademik İsa Həbibbəyli kolleksiyası”ndakı nəşrlərin ümumi sayı 1795-ə çatıb. Ölkə və dünya tarixini, mədəniyyətini, ədəbiyyatını əks etdirən kolleksiya tədqiqatçılar üçün dəyərli mənbə toplusudur.

Onların sırasında “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Heydər Əliyev”, “Heydər Əliyev və ədəbi-tarixi proses”, “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)”, “İlham Əliyev öndədir”, “Dövlət və dördüncü hakimiyyət”, “Qarabağ tarixi əski çap kitablarında”, “Şuşanın görkəmli simaları”, “Şuşa-Suziana mixiyazılı abidələrinin dili”, “Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında”, “Yollar şeirdən başlanmışdı”, türkcə “Əhməd Cavadın seçilmiş şeirləri”, “Azəri-erməni münasibətləri (1905–1920)”, “Sürgündəki aşıqlıq ənənələri”, “Seyid Əzim Şirvaninin qəzəlləri”, “Gürcü xalq nağılları”, “Əsrlərin sərvəti” (üç dildə) və digər nəşrlər var.

Bundan əlavə, kolleksiyada Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə dair “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” və tarixi-memarlıq qoruğu haqqında yazılmış “İçərişəhər Azərbaycan tarixində” adlı dəyərli tədqiqat əsərləri də yer alıb.

Oxucular bu və digər kolleksiyalarla MEK-dəki Akademiklər kitabxanasında tanış ola bilərlər.

Xəbər lenti