Logo

AzTU-da Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu keçirilib

09.04.2025 15:23 159 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun təşkilatçılığı ilə keçirilən forumda süni intellektin elm sahəsində, tədqiqat işlərində, səhiyyədə tətbiqindən bəhs olunub.

İştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, forum 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində müəyyən edilmiş prioritet hədəflərə uyğun olaraq təşkil olunub. 

Rektor süni intellekt sahəsində dünyada və ölkədə görülmüş işlərdən danışıb. O, bu cür beynəlxalq forumların AzTU-nun bir elm ocağı kimi nüfuzunun artmasına və Azərbaycanın elmi arenada daha da tanınmasına, yeni nəslin tədqiqat işlərində süni intellektdən düzgün formada bəhrələnməsinə, sənaye və müxtəlif mühəndislik sahələrində süni intellektin tətbiqinə, beynəxalq şirkətlərlə əməkdaşlığa müsbət töhfələr verəcəyini vurğulayıb.

Daha sonra Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor Nuran Abdullayev forumun əhəmiyyəti və gənc tədqiqatçılar üçün faydasından danışıb. Çıxışdan sonra Nuran Abdullayev “Süni intellekt səhiyyədə: inqilab yoxsa reallıq”, “Acandis” şirkətinin nümayəndəsi Kılıckap Andas “Yeni nəsil stendlər və yeni biotibbi texnologiyalar”, AzTU-nun Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev “Süni intellekt: inkişaf mərhələləri, mənbələri, trendləri və təhlükələri” mövzusunda geniş təqdimatlar ediblər.

Təqdimatlardan sonra forum sual-cavab sessiyası ilə davam edib.

 

 

 

 


 

Xəbər lenti