Logo

Rektor: BSU kadr hazırlığı prosesində inklüziv təhsilin prinsiplərinə uyğun yanaşmaların tətbiqinə çalışır

10.04.2025 12:47 130 baxış
IMG

“İnklüziv təhsilin inklüziv cəmiyyətə təsiri” mövzusunda III beynəlxalq konfransının əsas məqsədi ayrı-ayrı təhsil məsələləri çərçivəsində, xüsusilə kadr hazırlığı prosesində inklüziv təhsilin tələblərinin nəzərə alınması, bu istiqamətdə müzakirələrin aparılması və əldə olunan nəticələrin gələcəkdə tədris prosesinə tətbiq olunmasıdır.

Ölkəmizdə inklüziv təhsilin təşkili istiqamətində genişmiqyaslı işlər görülür. Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə bir sıra dövlət proqramları həyata keçirilib. 2030-cu il Milli Prioritetlər çərçivəsində inklüziv cəmiyyətin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyən edilib.

TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev deyib. O bildirib ki, Bakı Slavyan Universiteti kadr hazırlığı prosesində inklüziv təhsilin prinsiplərinə uyğun yanaşmaların tətbiq olunmasına çalışır: “Bu konfrans çərçivəsində əldə edəcəyimiz nəticələrin həm tədris, həm də maarifləndirmə prosesinə ciddi töhfə verəcəyinə inanırıq.

Layihə çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə müxtəlif təhsil idarələri və ümumtəhsil müəssisələrinin iştirakı ilə müəllimlər arasında sorğular keçirilib, ehtiyaclar öyrənilib və bu ehtiyacların aradan qaldırılması məqsədilə təlimlərin keçirilməsi planlaşdırılıb”.

Rektor qeyd edib ki, layihə beynəlxalq əməkdaşlıqlar əsasında da həyata keçirilir: “Konfransda Polşa, İtaliya, Rumıniya, Özbəkistan və digər ölkələrdən olan tərəfdaşlarımızın iştirakı bu sahədə qarşılıqlı təcrübə mübadiləsi baxımından olduqca əhəmiyyətlidir. Fərqli yanaşmaların öyrənilməsi, müxtəlif tədris modellərinin müzakirəsi inklüziv təhsilin təkmilləşdirilməsi üçün vacibdir.

Bizim əsas vəzifəmiz təhsil sistemimizdə, təhsil qanunvericiliyimizin tələblərinə uyğun şəkildə, inklüziv təhsilin prinsiplərinin kadr hazırlığı prosesinə inteqrasiya olunmasını təmin etməkdir. Bu məqsədlə həm elmi, həm təcrübi, həm də maarifləndirici platformaların yaradılması və inkişaf etdirilməsi prioritetlərimiz sırasındadır.

Bakı Slavyan Universiteti olaraq, gələcəkdə də inklüziv təhsilin inkişafı naminə bütün tərəfdaşlarımızla birlikdə çalışmaqda davam edəcəyik”.

Xəbər lenti