Logo

“Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib

08.04.2025 16:38 263 baxış
IMG

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Tədbirdə çıxış edən institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli bildirib ki, Ədəbiyyat İnstitutunun elm tariximizdəki yerinə həsr olunmuş tədbirdə dörd ali təhsil ocağının tələbələri iştirak edirlər. Həm XX əsr boyu, həm də müasir dövrdə ədəbiyyatşünaslıq elminin inkişafında Ədəbiyyat İnstitutunun böyük rolu olduğunu deyən Mehman Həsənli tələbələrin belə bir elm ocağında olmasını onların həyatında əhəmiyyətli mərhələ kimi dəyərləndirib. O, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə institutda Azərbaycan ədəbiyyatının ən qədim dövründən bu gününə qədər hərtərəfli öyrənildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, şöbələrdə ədəbiyyatın müxtəlif sahələri öyrənilməklə yanaşı, dünya və türk xalqlarına həsr olunmuş bir neçə mərkəz də açılıb. M.Həsənli Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin dəstəyi ilə çap olunmuş çoxsaylı nəşrlər haqqında da danışıb. O, oncildlik “Azərbaycan ədəbiyyat tarixi”, indiyədək 60 kitabı işıq üzü görən “Sənətkarın elmi pasportu”, üç dildə hazırlanması nəzərdə tutulan “Türk xalqları ədəbiyyatı tarixi”, mühacirət ədəbiyyatına həsr edilmiş kitablar, çap olunmuş və hazırlanan ensiklopediyalar, Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi jurnallar sırasına daxil edilən üç akademik jurnal, istifadəyə verilməsi nəzərdə tutulan Ədəbiyyat İnstitutunun elektron kitabxanası və başqa işlər barəsində iştirakçıları məlumatlandırıb.

Tədbirdə şöbə müdirləri İmamverdi Həmidov və Asif Rüstəmli Ədəbiyyat İnstitutunun yaradılması və keçdiyi inkişaf yolu mövzusunda çıxış ediblər.

Xəbər lenti