Bakı Dövlət Universiteti, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Türkiyənin Dokuz Eylül Universiteti və İzmir Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycanın Türkiyədəki səfirliyinin tərəfdaşlığı ilə “Erməni problemi və XX əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və sürgünlər” mövzusunda konfrans keçirilib.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, Dokuz Eylül Universitetində keçirilən tədbir iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Dokuz Eylül Universitetinin rektoru Bayram Yılmaz Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. O, bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib, tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.
Daha sonra tədbirin moderatoru, Dokuz Eylül Universitetinin professoru Dilşen İnce Erdoğan panel-konfrans barədə məlumat verib.
Açılış nitqləri ilə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova və İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) İdarə Heyətinin sədri Pərviz Altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.
Konfrans panel müzakirələrlə davam edib. Paneldə Dokuz Eylül Universitetinin Tarix fakültəsinin professoru Dilşen İnce Ərdoğan, BDU-nun Tarix fakültəsinin dosenti Aydın Məmmədov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Toksoy və Dokuz Eylül Universitetinin İctimai-hüquq fakültəsinin dosenti Uğur Samancı XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar barədə məruzə edib, tarixi sənədlər və arxiv materialları əsasında soyqırımı hadisələrinin miqyasını, səbəblərini və nəticələrini iştirakçıların diqqətinə çatdırıblar.
Tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub.
Azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində növbəti konfransın aprelin 11-də Türkiyənin Eskişehir şəhərindəki Anadolu Universitetində keçirilməsi nəzərdə tutulur.