Füzuli və Ağdam rayonlarında yeni məktəb və bağçanın inşası aparılır.
TƏHSİL.BİZ APA-ya istinadən xəbər verir ki, bunu aprelin 8-də Qarabağ Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusuna həsr olunmuş VII ADA Siyasi Forumunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O əlavə edib ki, Azərbaycan əraziləri işğal dövründə tamamilə dağıdılıb və məhv edilib:
“Biz işğaldan sonra təkcə xarabalıqları görürük. Bəzi yerlərdə xarabalıqlar belə qalmayıb. Heç bir mədəni obyekt, toxunulmamış məscid qalmayıb, hətta ağac belə qoymayıblar. Hər şey talançılığa məruz qalıb. Bütün bunlar onu sübut edir ki, yenidənqurma prosesi son dərəcə mürəkkəbdir”.
Xüsusi nümayəndə regional infrastruktur layihələrindən də danışıb:
“Burada hava limanı inşa edilib, eyni zamanda, dörd su anbarı, iki su elektrik stansiyası, üç əsas boru xətti inşa olunub. Bundan başqa səkkiz yaşayış məhəlləsinin tikintisi planlaşdırılır. Onlardan biri artıq inşa edilib. Həmçinin kəndlər layihələndirilir və inkişaf etdirilir. İki yaşayış massivinin üzərində iş gedir, biri artıq inşa olunur”.
Emin Hüseynov Füzuli ilə Ağdamda beş məktəb və uşaq bağçasının da tikildiyini diqqətə çatdırıb:
“Yenidənqurma layihələri ilə yanaşı, mədəni və tarixi layihələrimiz də mövcuddur. Bunlardan biri Ağdam şəhərində yerləşən Cümə məscidinin bərpasıdır. Bu struktur cəhətdən möhkəm qalan, lakin təhqir olunan dini ibadətgahdır. Məsciddə donuz və digər qəbildən olan heyvanlar, mal-qara saxlanılırdı. Yəni, tövlə kimi istifadə edilirdi".