Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubovun təqdimatında “Karyera forumu” adlı layihənin birinci hissəsi reallaşıb.
ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, layihə tələbələrin karyera planlaması və əmək bazarındakı yeniliklərlə bağlı biliklərini artırmaq və onların şəxsi inkişafına, iş dünyasına daha hazırlıqlı inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır. Bu istiqamətdə keçirilən görüşlər silsiləsinin ilk mərhələsi “Karyera planlama və iş dünyasına hazırlıq” mövzusuna həsr edilib.
Tədbirdə Kamil Yaqubov tələbələrə effektiv karyera planlamasının mərhələləri, iş müsahibələrinə hazırlıq və əmək bazarının aktual tələbləri haqqında ətraflı məlumat verib. Eyni zamanda, şəxsi təcrübəsindən nümunələr gətirib. Təqdimatda iştirak edən tələbələr əmək bazarında tələb olunan əsas bacarıqlar və digər önəmli məqamlarla tanış olublar.
Tədbir interaktiv formatda davam edib.