Logo

“Zəkaların mübarizəsi” olimpiadasının seçim mərhələsi keçirilib

09.04.2025 13:45 111 baxış
IMG

Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə reallaşdırılan “Zəkaların mübarizəsi” olimpiadasının paytaxt məktəbləri üzrə seçim mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən TƏHSİL.BİZ -ə bildirilib ki, olimpiadanın məqsədi şagirdlərdə fənlərin dərindən öyrənilməsinə marağın artırılması, onların dünyagörüşünün genişləndirilməsi, sağlam rəqabət mühitinin yaradılması, şagirdlər arasında dostluq əlaqələrinin qurulması və ümumilikdə şagirdlərin öyrənməyə təşviq edilməsidir. Müsabiqə regional və respublika mərhələsi olmaqla iki hissədən- bilik və şahmat üzrə yarışdan ibarətdir.

Olimpiadanın qaydalarına əsasən, regional mərhələdə Bakı şəhərinin hər inzibati rayonundan bir komanda olmaqla 12 komanda bilik yarışı üzrə, 12 komanda isə şahmat üzrə mübarizə aparacaq. Bakı şəhərindən seçilmiş 5 ən yaxşı komanda bilik yarışı, 5 ən yaxşı komanda isə şahmat üzrə respublika mərhələsində iştirak haqqı qazanacaq.

Olimpiadanın bilik yarışı istiqaməti üzrə rayondaxili seçim mərhələsində Bakı şəhərinin hər inzibati rayonu üzrə 1 komanda (ümumilikdə 12 komanda) regional mərhələdə iştirak hüququ qazanıb. Həmçinin şahmat üzrə keçirilən rayondaxili seçim mərhələsində 5 nəfərdən ibarət 1 komanda (komanda üzvləri eyni inzibati rayondan 3 oğlan və 2 qız olmaqla seçilib) regional mərhələdə iştirak hüququ əldə edib.

Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadası IX-XI sinif şagirdlərinin riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, intellektual oyunlar, mədəniyyət və incəsənət istiqamətləri üzrə bilik və bacarıqlarını yoxlayacaq.

 

Xəbər lenti