Aprelin 9-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Milli incəsənətin inkişaf problemləri Türk dünyası mədəniyyəti kontekstində” mövzusunda tədbir keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə akademiyadan məlumat verilib.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamını xatırladıb. O, bu mühüm sənədin Azərbaycan dövlətinin inkişafına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də 80 ildə şərəfli tarixi yol keçmiş akademiyanın bu gününə və gələcək inkişafına olan ali dəyərin ifadəsi olduğunu vurğulayıb.
Tədbirdə “Sənətşünaslıq sahəsində türkoloji tədqiqatlar” mövzusunda məruzəsini təqdim edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə ölkə rəhbərinin Türk dünyası ilə əlaqələrə böyük önəm verdiyini və bu istiqamətdə əməkdaşlığı dövlət siyasətində əsas prioritet kimi qarşıya qoyduğunu söyləyib. O, Prezident İlham Əliyevin Milli Məclisdə and içərkən Türk dünyasının bütövləşməsinə xidmət edən vacib mesajlar verdiyini xatırladıb. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənmə imkanlarının daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrdən irəli gələrək AMEA-nın Türk dünyasının elm mərkəzləri və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini söyləyən Ərtegin Salamzadə Akademiyanın elmi müəssisə və təşkilatlarında türk xalqlarının dilini, tarixini, ədəbiyyatını, folklorunu, fəlsəfi fikir tarixini öyrənən şöbələrin fəaliyyət göstərdiyini bildirib. Direktor Memarlıq və İncəsənət İnstitutunda da Türk sənət tarixi və mədəni irsi adlı yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə vurğulayıb ki, Türkdilli dövlətlər arasında çoxəsrlik əlaqələr, bədii üslub oxşarlığı, həmçinin müasir dövr elmi və mədəni münasibətləri genişmiqyaslı sənət əsərlərinin, memarlıq nümunələrinin, tarixi-nəzəri materialların meydana çıxmasına səbəb olub. O, rəhbərlik etdiyi institutda türk sənəti və mədəniyyəti istiqamətində həyata keçirilən tədqiqatlardan, tarixi-nəzəri materialların sistemli şəkildə araşdırılması və təsnifatının aparılması, eyni zamanda, sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması istiqamətində görülən işlərdən bəhs edib.
Məruzəçi, həmçinin AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın “Musiqi türkologiyası” (2003) , professor Siyavuş Dadaşovun “Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi” (İstanbul, 2006), eləcə də tarix elmləri doktoru Həsən Həsənovun “Qız qalası” (2014-cü il, rus dilində) kitablarının elmi əhəmiyyətindən bəhs edib. Bildirib ki, “Musiqi türkologiyası” kitabını yazmaqla professor Rəna Məmmədova uzun illərin araşdırmaları sayəsində elmin metodoloji əsaslarını, “müqayisəli sənətşünaslıq” məktəbini, “musiqi türkologiyası” konsepsiyasını yaradıb. Bu əsər musiqi irsimizin daha dərindən öyrənilməsi baxımından dəyərli elmi mənbədir.
İnstitut direktoru əlavə edib ki, “Türk miniatürünün formal təsviri dili nəzəriyyəsi” adlı kitabda isə müəllif Şərq miniatür sənətinin Qərb miniatür sənətindən fərqli cəhətlərini açıqlayıb. Professor Siyavuş Dadaşov belə qənaətə gəlib ki, türk miniatür sənətinin vizual sistem kimi özünəməxsus xüsusiyyətləri var və bu, Qərb vizual sisteminin tamamilə əksidir.
Ərtegin Salamzadə tarixçi alim Həsən Həsənovun “Qız qalası” kitabının əhatə etdiyi tədqiqatlar barədə də məlumat verərək bildirib ki, nəşrdə Qız qalasının tarixi tamamilə yeni baxışda araşdırılıb, Qız qalasının hansı xalq tərəfindən tikildiyi, həmin xalqın hansı dilə və dinə mənsub olduğu açıqlanıb. Kitabda müəllif Qız qalasının eramızdan əvvəl VIII əsrdə tikildiyini bildirib, belə qənaətə gəlməyə arxeoloji cəhətdən əsasların olduğunu qeyd edib.
Tədbirdə institutun İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Musiqi türkologiyası Azərbaycan humanitar elmi kontekstində”, elmi katib vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Müasir pul vahidlərində Türk damğa, işarə və simvolları” və Türk sənət tarixi və mədəni irsi şöbəsinin elmi işçisi Ellada Abbasova “Azərbaycan və tatar rəssamlarının əsərlərində xalq bayramları” mövzusunda məruzələrlə çıxış ediblər.
Sonda məruzələr ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.