Logo

UNEC-də Elm Festivalı keçirilib

08.04.2025 16:43 174 baxış
IMG

Aprelin 8-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm Festivalı keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, festivalın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov tədbirin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il qeyd olunan Elm Gününə həsr olunduğunu bildirib. Rektor elmin təşviqi ilə bağlı UNEC-də iki mühüm təşəbbüsə - “Məktəbdən elmə: elm gözəldir” və “Elmin populyarlaşdırılması” layihələrinə start verildiyini qeyd edib. O bildirib ki, bu layihələr çərçivəsində ölkənin aparıcı məktəblərində və regionlardakı universitetlərdə şagirdlərin və gənclərin elmə marağının artırılması məqsədilə tanınmış alimlərlə görüşlər keçirilir.

Rektor UNEC-də elmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin artıq bəhrəsini verdiyini vurğulayıb. Son beş ildə universitetin əldə etdiyi uğurlardan danışan Ədalət Muradov bildirib ki, beynəlxalq elmi bazalarda dərc olunan məqalələrin sayında ciddi artım müşahidə olunur: “2020–2025-ci illər ərzində UNEC tədqiqatçılarının “Scopus” bazasında dərc olunan məqalələrinin sayı 6,4 dəfə, “Web of Science” bazasında 5,8 dəfə, “SciVal” üzrə 6,3 dəfə, “InCites” bazasında isə 5,6 dəfə artıb. Həmin illər ərzində Azərbaycan alimlərinin “Scopus”da dərc olunmuş bütün elmi məqalələrinin 20 faizi, “Web of Science”də isə 19 faizi məhz UNEC-in payına düşür. Dayanıqlı İnkişaf Məqsədlərinin 17 istiqaməti üzrə yazılmış elmi əsərlərin sayında isə 5 ildə 10 dəfə artım qeydə alınıb. Ümumilikdə, “Scopus”da dərc olunan məqalələrin 49,8 faizi minilliyin inkişafı məqsədlərinə həsr olunub. Bu artım tempinə görə UNEC dünya miqyasında lider mövqedədir”, – deyə rektor bildirib.

Ədalət Muradov UNEC-də elmin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verib. Eyni zamanda, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-in dünyanın ən zəngin elmi bazalarındakı 5 milyona yaxın elektron resursa çıxış imkanına malik olduğunu vurğulayıb.

Elm və təhsil naziri Emin Əmrullayev tədbirin əhəmiyyətindən bəhs edərək, ölkədə elmin inkişafının prioritet sahələrdən biri olduğunu bildirib. Nazir ölkə elmi qarşısında duran çağırışlardan danışıb və bu istiqamətdə elm və təhsilin vəhdətinin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu qeyd edib. O, elmi nəticələrin insanların rifahına və ölkə iqtisadiyyatına töhfə verməsinin, eyni zamanda, elmin cəmiyyət üçün anlaşıqlı formaya salınmasının vacibliyini vurğulayıb. Emin Əmrullayev elmin maliyyələşdirilməsinin səmərəliliyinin artırılması və akademik fəaliyyətin obyektiv qiymətləndirilməsinin də əsas vəzifələrdən biri olduğunu bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev elmi biliklərin dərinləşdirilməsi və yeni istiqamətlərin inkişafı baxımından akademik dairələrin rolundan danışıblar. Onlar elm siyasətinin cəmiyyətdə elmin nüfuzunun artmasına və bilik əsaslı qərarların ön plana çıxmasına şərait yaratmasının vacibliyini qeyd ediblər.

Sonra Türkiyənin Yıldız Texniki Universitetinin professoru Salim Yüce “Dünyanın aparıcı universitetlərində elmi fəaliyyətin təşkili” mövzusunda təqdimatla çıxış edib.

Rəsmi hissədən sonra iştirakçılar “Gələcəyin alimləri və mühəndisləri” adlı kreativ sərgi ilə tanış olublar. UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərinə baxış keçirilib.

Festival çərçivəsində “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının və UNEC rektorunun müşaviri dosent Elşən Bağırzadənin “Bazarın hüdudları” kitabının təqdimatı keçirilib.

Elm festivalı aprelin 10-dək davam edəcək.

Xəbər lenti