Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam ölkəmizdə elm və təhsilin sistemli və faydalı inteqrasiyasını təmin etmək üçün aparılan məqsədyönlü islahatların davamı, bu istiqamətdə atılan növbəti mühüm addımdır.
Keçmiş Sovetlər Birliyində elm və təhsilin xüsusi istiqamətlər kimi bir-birindən ayrılması daim vəhdətdə olan bu sahələrin arasında əlaqənin zəifləməsinə gətirib çıxarıb. Bununla elmi müəssisələrdə əldə olunan mühüm nəticələri praktikaya tətbiq etmək imkanları, ali təhsil müəssisələrinin isə praktik təhsil fəaliyyətlərini nəzəri cəhətdən davamlı və sistemli zənginləşdirmək imkanları məhdudlaşıb.
Cənab Prezidentin son illərdə elm və təhsil müəssisələrinin fəaliyyətinin inteqrasiya etdirilməsi məqsədi ilə imzaladığı sərəncamlar, qəbul edilən qərarlar bu boşluğu aradan qaldırmaq, ali təhsil müəssisələrinin elmi tədqiqat imkanlarını genişləndirmək imkanı yaradıb. Bu addımlar atılarkən ölkədəki bir sıra ali təhsil müəssisələrinin tədqiqat universitetlərinə çevrilmə potensialı dəyərləndirilib. Belə universitetlərdən biri də ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən sayılan Naxçıvan Dövlət Universitetidir.
Cənab Prezidentin son sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası kimi elmi müəssisələr ali təhsil müəssisəsinin elmi fəaliyyətinin zənginləşdirilməsində mühüm rol oynayacaq. Bu, addım universitetin elmi potensialını artırmaqla yanaşı, təhsildəki keyfiyyəti daha da yüksəldəcək, eyni zamanda Azərbaycan elminin inkişafına önəmli töhfə verəcək.
Nəzərə almaq lazımdır ki, dünya təcrübəsində elmi tədqiqat institutları universitetlərdə təkcə elmi tədqiqatların aparılması funksiyasını yerinə yetirmir, həm də əldə olunan nəticələrin tədris prosesinə tətbiqi baxımından mühüm yer tutur. Bu institutlar universitetlərin elmi fəaliyyətinə güc qatmaqla yanaşı, təhsil sahəsində də innovativ yanaşmaları tətbiq etməkdə böyük rol oynayır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin strukturuna daxil ediləcək hər üç elmi müəssisədə bu prosesi uğurla yerinə yetirə biləcək elmi potensial formalaşıb. Bu elmi potensial Naxçıvan Dövlət Universitetinin son illərdə yüksələn elmi nəticələrini daha da zənginləşdirəcək.
Qeyd etmək lazımdır ki, Naxçıvan Dövlət Universiteti son illərdə əldə etdiyi müsbət elmi nəticələrlə diqqət çəkir. Universitetin Elmi Kitabxanası 170 mindən çox kitab, monoqrafiya, dərslik, dövri nəşrlər, dissertasiyalar və digər qiymətli çap materialları ilə zəngindir. Bu resurslar, tələbələr və akademik heyət üçün böyük bir elmi baza təşkil edir. 2024-cü ildə kitabxanaya 1327 adda 2596 sayda yeni kitab daxil olub və 2674 kitabın elektron forması hazırlanıb. Eyni zamanda tədqiqatçılara EBSCO, “Clarivate” şirkətinin təqim etdiyi altı baza və “Taylor&Francis” kimi beynəlxalq elektron bazalara giriş imkanı yaradılıb.
2024-cü ildə universitet elmi fəaliyyətində fərqlənən əməkdaşları və doktorantları xüsusi olaraq mükafatlandırıb. Bu nüfuzlu və impakt faktorlu jurnallarda nəşr olunan məqalələrə, elmmetrik göstəricilərə, H indeksinə və istinad saylarına əsaslanmaqla həyata keçirilib. Universitetdə differensial əməkhaqqı tətbiq olunmaqla yanaşı, fəaliyyət göstərən elm adamları nüfuzlu bazalarda indeksləşən hər bir elmi nəşr üçün müəyyən məbləğdə maddi mükafatlarla təltif olunublar. Bu cür addımlar universitetdə elmi fəaliyyəti stimullaşdırır və akademik heyətin daha yüksək nəticələr əldə etməsinə səbəb olur.
2024-cü ildə Naxçıvan Dövlət Universiteti xarici ölkələrlə əməkdaşlığını daha da genişləndirərək Türkiyə, Özbəkistan, Qırğızıstan və Macarıstan kimi ölkələrin nüfuzlu universitetləri və elmi tədqiqat müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqavilələri bağlamışdır. Bu əməkdaşlıqlar universitetin beynəlxalq aləmdə daha çox tanınmasına, elmi tədqiqatlarının daha geniş auditoriyaya çatdırılmasına və həmçinin beynəlxalq layihələrdə iştirakına imkan yaradıb.
Elmi tədqiqatların təhsilə tətbiqi, universitetlərin inkişafında mühüm rol oynayır. 2024-cü ildə universitetin alimləri tərəfindən bir sıra mühüm elmi nəticələr əldə edilib, bunlar monoqrafiyalar, dərsliklər, beynəlxalq və respublika jurnallarında nəşr olunmuş məqalələr kimi müxtəlif formalarda tədrisə və istehsalata tətbiq olunub. Bu tədqiqatlar yalnız nəzəri biliklərin genişlənməsinə deyil, həm də praktiki fəaliyyətə yönəldilib. 2024-cü ildə universitetin “Scopus” və “Web of Science” bazalarında elmi nəşrlərinin sayı xeyli artıb, xüsusən “Scopus” bazasında nəşr olunan məqalələrin sayı 2019-2023-cü ilin bu bazalardakı bütün nəşrlərinin cəmindən çoxdur. Bu, universitetin beynəlxalq elmi əlaqələrinin gücləndiyini və ölkənin elmi potensialının daha da artdığını göstərir.
Cənab Prezidentin məlum Sərəncamı 2025-ci il üçün Naxçıvan Dövlət Universitetinin elm sahəsində əsas hədəflərinin reallaşdırılmasına yeni imkanlar açır. Universitetimizin 2025-ci ildə qarşıya qoyduğu hədəflər sırasında elmi-tədqiqat mərkəzlərinin və laboratoriyaların fəaliyyətinin gücləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, elmi işlərin səmərəliliyinin artırılması və nəticələrin tədris və istehsalatda tətbiqinin genişləndirilməsi prioritet olaraq müəyyənləşdirilib.
Beləliklə, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanasının tabeliyə verilməsi ölkə başçısının Naxçıvan Dövlət Universitetinə göstərdiyi böyük etimaddır. Bu universitetin elmi inkişafını, akademik heyətin və təhsilalanların elmi potensialını və beynəlxalq elmi əməkdaşlıqlarını daha da gücləndirəcək.
Bu elmi müəssisələr universitetin elmi profilini daha da zənginləşdirməklə Naxçıvanın təbii sərvətləri, bioloji resursları və kosmik tədqiqatlarının inkişafına böyük töhfə verəcək. İnanırıq ki, Naxçıvan Dövlət Universitetinə qoşulan Təbii Ehtiyatlar İnstitutu Naxçıvanın təbii ehtiyatlarının səmərəli istifadəsi, Bioresurslar İnstitutu biomüxtəlifliyin tədqiqi və qorunması, Batabat Astrofizika Rəsədxanası isə kosmik tədqiqatlar sahəsində elmi tədqiqatları gücləndirəcək və elmimizə yeni-yeni nailiyyətlər qazandıracaq.
Elbrus İsayev,
Naxçıvan Dövlət Universitetinin rektoru