Azərbaycan Texniki Universitetində (AzTU) “AI-MED LAB” laboratoriyasının açılış mərasimi keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir AzTU-da keçirilən AI - Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu çərçivəsində təşkil olunub.
Forum Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində müəyyən edilmiş prioritet hədəflərə uyğun olaraq keçirilən ilk beynəlxalq tədbirdir.
Eyni zamanda, laboratoriyada qan-damar sistemində trombların yeni texnoloji sistemlər vasitəsilə aradan qaldırılması üsulları master-klas vasitəsilə təqdim olunub.
Tibb elmləri doktoru, Almaniyanın Troisdorf şəhərində Radiologiya, Nuklear Tibb və Neyroradiologiya Klinikasının rəhbəri, Köln Universitetinin əməkdaşı və AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru, professor Nuran Abdullayev laboratoriyanın fəaliyyəti barədə məlumat verib.
Qeyd olunub ki, AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun nəzdində yaradılan “AI-MED LAB”ın məqsədi Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməkdir. Burada biotibbi mühəndislik sahəsində ən müasir problemlərin süni intellekt alqoritmləri ilə həllinə yönəlmiş qabaqcıl elmi-tədqiqat işləri aparılacaq. Bu, təkcə milli səhiyyəmiz üçün deyil, həmçinin beynəlxalq səviyyədə elmi innovasiyalara və müasir tibbin inkişafına mühüm töhfədir.
Tədbirdə Almaniyadan gələn mütəxəssislər, şirkət nümayəndələri, həmçinin AzTU-nun professor-müəllim heyəti iştirak edib.