Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və ADU-nun birgə əməkdaşlığı ilə “Gənclərin ailə həyatına hazırlığı, erkən evlilik və qohum evliliklərin fəsadları” mövzusunda tədbir keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbiri giriş sözü ilə fakültə dekanı professor İbrahim Kazımbəyli açaraq dövlətin bu sahədə apardığı siyasətin mahiyyəti haqqında məlumat verib. O, son illər ailə institutu və bu dəyərlərin qorunması ilə bağlı keçirilən tədbirlər, beynəlxalq konfranslar və maarifləndirici layihələr haqqında danışıb, ailənin Azərbaycan cəmiyyətindəki yüksək dəyərindən bəhs edib. Professor bildirib ki, zəmanəmizdə ailə institutunun inkişafında mühüm rol oynamış, müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür.
Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu Rövşən Nəcəfov “Gənclər özləri üçün xeyirli və düzgün həyatı necə qura bilər?” mövzusunda çıxış edərək gənclərin ailə həyatına hazırlanmasının çoxaspektli, mürəkkəb bir proses olduğunu vurğulayıb. O bildirib ki, düzgün hazırlıq olmadıqda ailə həyatının sonu nikahla başa çata bilər, lakin bu da cəmiyyət üçün fəsadlar törədir. R. Nəcəfov qeyd edib ki, düşüncə tərzi, həyata baxış, münasibətlər sistemi, ünsiyyət sferası gənclərin sosiallaşmasının, o cümlədən ailədaxili münasibətlərin əsasını təşkil edir.
Rövşən Nəcəfov çıxışında gənclərin ailə həyatına hazırlaşarkən mükəmməllik deyil, anlayış və uyğunluq üzərində qurulmasına diqqət yetirmələrinə, özünü tanımaq, emosional ehtiyaclarının fərqində olmaq, evliliyə hazırlıq üçün düzgün seçimlərlə formalaşan həyatların uğurundan bəhs edib.
Tədbirdə Psixologiya İnstitutunun əməkdaşı, təlimçi psixoloq Lətafət Novruzova çıxış edərək dövlətin ən vacib sütunlarından biri olan ailə ilə bağlı milli adət-ənənələrimizin qorunması, gənclərin ailə həyatına psixoloji hazırlığının vacibliyini və ailə həyatının möhkəm olması üçün ailə üzvlərinin bir-birini anlamasının, empati qurmasının, konfliktlərin düzgün şəkildə həll olunmasının əhəmiyyətindən danışıb.
Rafiq Mahmudov isə çıxışında genofondumuzun qorunması, qohumlararası nikahın yaradacağı fəsadlar, təhsil keyfiyyətinə mənfi təsirlər və erkən nikahdan doğulan uşaqların xəstə doğulma riskləri haqqında fikirlərini bölüşüb.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.