Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycanda Elm Gününə həsr olunmuş elmi-populyar seminar keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.
Seminarı açan institutun baş direktoru akademik Dilqəm Tağıyev Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Elm Gününün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamını xatırladıb. Baş direktor respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində alimlərin böyük xidmətləri olduğunu söyləyib.
Sonra akademik “Elmin inkişafı bizi hara aparır? İşıqlı gələcəyə, yoxsa iflasa?” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, elmin populyarlaşdırılmasında məqsəd getdikcə çətinləşən elmi nəticələri ictimaiyyətə anlaşılan tərzdə çatdırmaq, elmə inamı artırmaq və istedadlı gəncləri elmə cəlb etməkdir.
Məruzəçi bildirib ki, klassik elmin qeyri-klassik elmə, onun da hazırkı dövrdə post qeyri-klassik elmə keçməsi (yaradıcılıq təfəkkürünə söykənən intuisiyadan istifadə) elmin çətinləşməsinə, alınan yeni nəticələrin çətin dərk edilməsinə, nəticədə elmlə cəmiyyət arasında uçurumun getdikcə dərinləşməsinə səbəb olub.
Akademik bildirib ki, hazırda elmin cavab tapa bilmədiyi bir sıra problemlər mövcuddur: “Onlara turbulentlik, həyat necə yaranıb, zülalların foldinqi, qravitasiya nəyin hesabına yaranır, astagedən mikroorqanizmlərin sağ qala bilməsi mexanizmi, qaranlıq enerji, qaranlıq materiya və s. misal göstərmək olar”.
İnstitutun baş direktoru gələcəkdə kimyanın əsas inkişaf istiqamətləri kimi kompüter kimyasını (süni intellekt və informasiyanın saxlanması üçün yeni mürəkkəb quruluşların sintezi, molekulyar kompüterlərin yaradılması), gen mühəndisliyini, nanotexnologiyaları (məsələn, zülal molekulunun formasını dəyişməklə onun bioloji fəallığının dəyişdirilməsi) qeyd edib.
Məruzədə, həmçinin gələcək üçün narahatlıq doğuran proqnozlara diqqət çəkilib. Bu baxımdan kompüterləşmə nəticəsində özünəqapanma, piylənmə, əzələlərin atrofiyası və s. nəticəsində immun sisteminin zəifləməsi, ailədə robotlar, süni intellektin süni şüura malik olması, Big Data sistemində təsadüfən və ya qəsdən informasiya xaosunun yaranması, sintetik həyat problemləri qeyd edilib.
“Reallıq ondan ibarətdir ki, Azərbaycan da yaşadığımız planetin bir hissəsidir və qeyd olunan problemlərdən kənarda qala bilməz”, - deyən akademik ölkədə bu istiqamətdə bir sıra işlər görüldüyünü qeyd edib. Bu baxımdan Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq edilmiş rəqəmsal inkişaf konsepsiyasının, 2025–2028-ci illər üçün süni intellekt Strategiyasının əhəmiyyətinə diqqət çəkib.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb.