Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri həftəsi”nin ikinci günü çərçivəsində Bakı Sağlamlıq Mərkəzində “Sağlamlıq və rifah” mövzusunda tədbir keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.
Tədbirdə Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru dosent, tibb üzrə fəlsəfə doktoru Asiman Həsənov Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan danışıb. Qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin əsas hədəflərindən olan sağlamlıq və rifah ölkədə həyata keçirilən dövlət proqramlarında prioritet məsələ kimi nəzərdə tutulur. Paytaxtda və regionlarda əsaslı təmir etdirilən, yeni istifadəyə verilən tibb mərkəzləri də bunun əyani nümunəsidir.
Mərkəz barəsində məlumat verən icraçı direktor vurğulayıb ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılıb.
BDU-nun THİK sədri Zöhrab Cavadzadə ölkəmizin gələcəyi olan gənclərin sağlamlıq hüquqlarının təmin edilməsi və qorunması üçün dövlət tərəfindən aparılan işlərdən söz açıb. Bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının qanunlarından irəli gələrək, bu məqsəd ölkəmizdə uğurla həyata keçirilir.
Sonra baş həkimin müavini, terapevt Günay İsmayılova, Terapiya bölməsinin rəhbəri, terapevt Nərgiz Əliyeva, psixiatr Ceyhun Məmmədzadə, narkoloq Məmmədəli Baxışov Mərkəzdə aparılan xidmətlər barəsində məlumat verib, müasir tibbi metodlar və hazırda gənclər arasında müşahidə edilən əsas sağlamlıq problemləri barəsində danışıblar.