Logo

bp daha bir beynəlxalq təhsil resursunu Azərbaycana gətirib

08.04.2025 17:05 181 baxış
IMG

Bu gün bp “The Limits of the Market: The Pendulum Between Government and Market” (“Bazarın Hüdudları: Dövlət və Bazar Arasındakı İqtisadi Rəqqas”) adlı kitabın Azərbaycan dilinə tərcümə variantını ictimaiyyətə təqdim edib. Bu layihə bp-nin Azərbaycanda təhsilin inkişafına dəstəyinin və beynəlxalq biliklərin ölkəyə gətirilməsi səylərinin bir hissəsidir.

bp-nin mətbuat xidmətindən TƏHSİL.BİZ -ə bildiriblər ki, kitabın ingiliscədən Azərbaycan dilinə tərcüməsi və nəşrində bp-nin məqsədi bu dəyərli bilikləri makroiqtisadiyyat, marketinq və dövlət və bazar arasındakı münasibətlər sahəsində ixtisaslaşan tədqiqatçılar, tələbələr və bu sahələr üzrə mütəxəssislər üçün əlçatan etməkdir.

Kitabın müəllifi London İqtisadiyyat Universitetinin professoru Paul De Qrauvdur (Paul De Grauwe). Tərcümə kitabın 2017-ci ildə ingilis dilində “Oxford University Press” tərəfindən çap edilən birinci nəşrindəndir.

Kitab dövlətin iqtisadi siyasətləri ilə bazar mexanizmləri arasındakı dinamik təmasları araşdırmaqla bu sahədəki iqtisadi nəzəriyyələr və təcrübələr haqqında dərin bilgilər təklif edir. O, dünyanın belə bir baxışına əsaslanır ki, bu məsələdə seçim bazar ya dövlət arasında yox, nə qədəri bazar və nə qədəri isə dövlət olması sualındadır.

bp-nin Xəzər bölgəsi üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli kitabın Azərbaycanın elmi icması üçün əhəmiyyətini vurğulayaraq deyib: “Akademik cəmiyyətə bu kitabı hədiyyə etməklə bp Azərbaycanda bu vacib mövzunun daha dərin anlamlarının yayılmasına və bu sahədə Azərbaycanda tədqiqatlara əsaslanan innovativ iqtisadi strategiyaların işlənməsinə töhfə vermək istəyir. İnanırıq ki, yüksək keyfiyyətli təhsil materiallarının əlçatan olması bilgilərin mükəmməlləşməsi və gələcək liderlərin yetişdirilməsi səylərinin əsasını təşkil edir”.

Kitabın ictimaiyyətə təqdimatı bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkil etdiyi “Elm Festivalı”nda baş tutub. Təqdimatın UNEC-in “Elm Festivalı”nın bir hissəsi kimi keçirilməsi bp-nin Azərbaycanda təhsil resurslarının genişlənməsinə və elmin inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır.

“bp təhsilin inkişafına sərmayə qoyulması və Azərbaycana yüksəkkeyfiyyətli beynəlxalq resursların gətirilməsi səylərini davam etdirəcək. Bugünkü təqdimat da bp-nin akademik mükəmməlliyi dəstəkləmək və beynəlxalq bilik və təcrübə mübadiləsi üçün imkanlar yaratmaq səylərinin daha bir nümunəsidir”, - deyə Bəxtiyar Aslanbəyli bildirib.

Bütün maraqlı şəxslər və mütəxəssislərə geniş şəkildə əlçatan olması üçün bp kitabın nüsxələrini yerli universitetlərə, ictimai kitabxanalara və əlaqədar təhsil və elm müəssisələrinə təqdim edəcək.

Layihənin ümumi dəyəri təxminən 54 min 200 manatdır (31,882 ABŞ dolları). Bu xərclər 220 səhifəlik kitabın tərcüməsini, redaktəsini və nəşrini əhatə edir.

Layihəni Rəqəmsal Transformasiya Fondu həyata keçirib.

Xəbər lenti